AZƏRBAYCAN PREZİDENTİ MİLLİ TELEVİZİYA VƏ RADİO İŞÇİLƏRİNİ TƏBRİK ETMİŞDİR
Təbrikdə milli radio və televiziyamızın Azərbaycan ədəbi dilinin inkişafında, xalqımızın maarifləndirilməsi, milli mədəniyyətimizin, ədəbiyyatımızın təbliğində, dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyalarının yayılmasında əvəzsiz rol oynadığı xüsusi vurğulanmışdır.
Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra radio və televiziyanın ölkəmizdə cərəyan edən taleyüklü proseslərin, həyata keçirilən sosial-iqtisadi layihələrin, siyasi, hüquqi islahatların təbliğində və informasiya dəstəyi ilə təmin olunmasında mühüm rol oynadığını bildirən dövlətimizin başçısı, ümummilli liderimiz Heydər Əliyevin radio və televiziyanı daim diqqətdə saxladığını demişdir.
Prezident İlham Əliyev qeyd etmişdir ki, hazırda Azərbaycanın televiziya və radio məkanı getdikcə zənginləşir, səhmdar cəmiyyətə çevrilmiş Azərbaycan Televiziya və Radio verilişləri təşkilatından başqa, bir sıra ümumrespublika və regional özəl teleradio kanallarında, İctimai Televiziya və Radio Yayımları Şirkətində yüzlərlə gənc və istedadlı jurnalist, rejissor və başqa mütəxəssislər nəsli yetişir. Ölkəmizdə teleradio fəaliyyətinin hüquqi-normativ bazası qabaqcıl dünya və Avropa standartlarına uyğunlaşdırılır.
Prezident əmin olduğunu bildirmişdir ki, azad rəqabət mühitinin hakim olduğu, bazar iqtisadiyyatı, siyasi plüralizm və demokratiya şəraitində Azərbaycanın radio və televiziya təşkilatları da yeni dövrün tələblərinə uyğun fəaliyyət göstərəcək, cəmiyyətin aktual problemlərinə diqqəti daha da artıracaq, dinləyicilərin və tamaşaçıların informasiyaya artan tələbatını ödəyəcək, cəlbedici proqramlar hazırlayacaqlar.