AZƏRBAYCAN PREZİDENTİNİN BORÇALI MƏKTƏBLƏRİNƏ HƏDİYYƏSİ
Borçalılar barədə həmişə düşünən Azərbaycan Prezidenti Heydər Əliyevin diqqət və qayğısını Gürcüstanın başqa bölgələrində yaşayan soydaşlarımız da həmişə hiss edirlər. Dövlətimizin diqqət və qayğısı sayəsində onların bir çox problemləri, o cümlədən də məktəblərin təmiri və dərsliklərlə, tədris vəsaiti ilə təmin olunması ilə bağlı məsələlər yüksək səviyyədə həllini tapır.
Bu günlərdə Bakıdan Marneuli rayonuna daha bir maşın karvanı gəlmişdir. Prezident Heydər Əliyevin Gürcüstan parlamentinin sədri Nino Burcanadze ilə görüşündə vəd etdiyi kimi, Gürcüstandakı Azərbaycan məktəblərinə V-X1 siniflər üçün dərsliklər gətirilmişdir. Dövlətimizin başçısının tapşırığı ilə Təhsil Nazirliyi tərəfindən göndərilən bu dərsliklər Tbilisi, Rustavi şəhərlərindəki, Borçalı və Kaxeti bölgələrindəki, habelə Kaspi və Kvareli rayonlarındakı Azərbaycan məktəbləri üçün nəzərdə tutulmuşdur.
Xatırladaq ki, Prezidentimizin Gürcüstan parlamentinin sədri ilə görüşündən dərhal sonra Şəmkir rayon rəhbərliyi də dost ölkədəki Azərbaycan məktəblərinə tikinti materialları və dərsliklər göndərmişdir.
Gürcüstanın təhsil naziri Aleksandr Kartoziya AZƏRTAC-ın müxbiri ilə müsahibəsində bu yardıma görə Prezident Heydər Əliyevə bütün müəllim və şagirdlər adından dərin təşəkkürünü bildirərək dedi ki, məhz onun qayğısı sayəsində ölkəmizdəki Azərbaycan məktəbləri 1994-cü ildən dərsliklərlə və tədris ləvasimatı ilə müntəzəm təmin olunur, onların bir çoxu təmir edilmişdir. Görkəmli dövlət xadimi Heydər Əliyev təkcə öz ölkəsində deyil, dünyanın neçə-neçə məmləkətində yaşayan soydaşları barədə daim düşünür və bu, çox diqqətəlayiq nümunədir.
Şahismayıl Məmmədov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi