AZƏRBAYCAN PREZİDENTİNİN TAPŞIRIQLARI LAYİQİNCƏ İCRA EDİLƏCƏKDİR
Rayon icra hakimiyyətinin başçısı Azər Əliyev bildirmişdir ki, Prezidentin Nazirlər Kabinetinin məlum iclasındakı giriş və yekun nitqlərində iqtisadiyyatımızda, eləcə də sosial sahədə əldə olunmuş uğurların geniş təhlili verilmiş, respublikamızın yaxın gələcəkdə inkişafı ilə bağlı konkret tapşırıqlar verilmişdir.
Natiq 2006-cı ilin birinci yarısının da Azərbaycanda iqtisadiyyatın dinamik inkişafı, islahatların uğurla həyata keçirilməsi və əhalinin sosial rifahının daha da yaxşılaşması ilə əlamətdar olduğunu qeyd etmiş, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirildiyini vurğulamışdır. O, iqtisadi inkişaf baxımından respublikamızın dünyada birinciliyi əlində saxladığını, ümumi daxili məhsulun 36, sənaye istehsalının 41 faiz artdığını, görülən tədbirlər nəticəsində yoxsulluq səviyyəsinin 49 faizdən 29 faizə endiyini, son altı ayda on minlərlə yeni iş yerinin açıldığını xatırlatmışdır.
Rayon icra hakimiyyətinin başçısının birinci müavini İkram Aslanov, müavin Səməd İslamov, rayon qaz istehsalat idarəsinin rəisi Vilayət Əmirov, Dövlət Sosial Müdafiə Fondu rayon şöbəsinin müdiri İsmayıl İsmayılov, əhalinin sosial müdafiəsi mərkəzinin direktoru Tacirə Məmmədova və başqaları respublikada aparılan iqtisadi islahatlar sayəsində əldə olunan müsbət dəyişikliklərdə Yasamal rayonunun da öz payı olduğunu qeyd etmişlər. Belə ki, cari ilin yanvar-iyun aylarında rayonun müəssisələrində 26 milyon 700 min manatlıq məhsul istehsal edilmiş, istehlakçılara 24 milyon 800 min manatlıq məhsul göndərilmiş, yerli və xarici sərmayədarlar tərəfindən rayonun inkişafına 5 milyon 950 min manat məbləğində sərmayə qoyulmuşdur.
Bildirilmişdir ki, qoyulan sərmayənin 94,5 faizi tikinti-quraşdırma işlərinə sərf olunmuşdur və bu, keçən ilin müvafiq dövründəkindən 96,3 faiz və ya 2 milyon 200 min manat çoxdur. Əhaliyə 149 min 890 manatlıq istehlak və qeyri-istehlak malları satılmış, 97 min 400 manatlıq iaşə xidməti göstərilmişdir.
Çıxışlarda rayonun təhsil və səhiyyə obyektlərinin ərazilərində abadlıq işlərinin aparılması, mövcud idman meydançalarının bərpa edilməsi və yenilərinin salınması, məktəblərin və məktəbəqədər uşaq tərbiyə müəssisələrinin maddi-texniki bazalarının möhkəmləndirilməsi istiqamətində görülən işlər, eləcə də aztəminatlı ailələrə göstərilən yardımlar diqqətə çatdırılmışdır.
Dövlətimizin başçısının istifadə olunan təbii qazın və elektrik enerjisi haqqının tam şəkildə ödənilməsinin təmin edilməsi ilə bağlı tövsiyə və tapşırıqlarını yerinə yetirmək üçün rayonda xüsusi qərargahın və işçi qrupların yaradıldığını qeyd edən natiqlər, qərargahın iclaslarında bu sahədəki problemlərin müntəzəm müzakirə olunduğunu, əhali arasında təbliğat işinin gücləndirildiyini bildirmişlər. Cari ilin yanvarında əhali tərəfindən istifadə olunmuş mavi yanacağın haqqının 23, fevralda 27 faiz ödənildiyi, keçirilmiş tədbirlər nəticəsində isə bu rəqəmin iyunda 58 faizə çatdırıldığı, altı ay ərzində 4 min 728 qaz sayğacının quraşdırıldığı vurğulanmışdır.
Yığıncağı yekunlaşdıran Azər Əliyev Prezidentin müvafiq strukturlar qarşısında qoyduğu vəzifələri ilin sonunadək yerinə yetirmək üçün hələ xeyli iş görülməsinin vacibliyini diqqətə çatdırmış, kommunal xidməti sahələrinin, əhalinin və müəssisələrin enerji daşıyıcılarına olan tələbatının fasiləsiz ödənilməsi üçün əlaqədar təşkilatlar qarşısında ciddi vəzifələr qoymuş, müəyyənləşdirilmiş tədbirlər planının reallaşdırılmasından ötrü bütün imkanların səfərbər olunmasını tövsiyə etmişdir.
Yığıncaqda müzakirə olunan məsələlər barədə qərar qəbul edilmişdir.