Azərbaycan qadını ölkənin ictimai həyatının fəal iştirakçısına çevrilib
Naxçıvan, 6 mart, AZƏRTAC
Azərbaycan qadını bu gün ölkəmizin, o cümlədən muxtar respublikanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatının fəal iştirakçısına çevrilib.
AMEA Naxçıvan Bölməsinin İctimaiyyətlə əlaqələr və İnformasiya şöbəsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, 8 mart - Beynəlxalq Qadınlar Gününə həsr olunan tədbirdə çıxış edən bölmənin sədri, akademik İsmayıl Hacıyev bu barədə danışıb. Akademik qadınların cəmiyyətimizdəki yeri və rolundan söz açıb.
İsmayıl Hacıyev ümummilli lider Heydər Əliyevin qadın azadlığına xüsusi diqqət yetirdiyini, Ulu Öndər tərəfindən həyata keçirilən bir sıra tədbirlərin qadın hüquqlarının tapdalanmasının qarşısını almağa yönəldiyini bildirib. Diqqətə çatdırıb ki, Ümummilli Liderin işıqlı yolunu uğurla davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində bu gün Azərbaycan qadınının cəmiyyətdə yeri və nüfuzu daha da artıb.
Vurğulanıb ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ölkənin ictimai-siyasi həyatındakı uğurlu fəaliyyəti, dövlətçiliyimiz naminə, xalqın rifahı üçün gördüyü işlər, xeyirxah əməllər bu gün bütün Azərbaycan qadınlarının yorulmaz, mübarizə əzmini göstərən güc və qüdrətinin bariz nümunəsidir.
Akademik Naxçıvan Muxtar Respublikasında da qadınların fəaliyyəti üçün hər cür şəraitin yaradıldığını bildirib, bölmənin qadın əməkdaşlarının fəaliyyətindən danışıb, onları təbrik edərək işlərində uğurlar arzulayıb.
Tədbirdə bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Folklorşünaslıq şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Çinarə Rzayeva çıxış edərək ölkəmizdə qadınlara göstərilən diqqət və qayğıdan danışıb.