AZƏRBAYCAN QISA MÜDDƏTDƏ BÖYÜK UĞURLAR QAZANMIŞDIR
AZƏRTAC xəbər verir ki, ABŞ-ın Alman Marşall Fondunun geniş Avropa üzrə baş direktoru Piter Van Praaq iyulun 14-də Milli Məclis sədrinin müavini Bahar xanım Muradova ilə görüşmüşdür. B.Muradova qonağa Azərbaycanda həyata keçirilən islahatlar, insan hüquqları sahəsində görülmüş işlər, qəbul olunmuş qanunlar barədə ətraflı məlumat vermişdir. O demişdir ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra çox qısa zamanda sürətlə inkişaf etmiş və regionun lider dövlətinə çevrilmişdir. İndi Azərbaycan regionda həyata keçirilən irimiqyaslı layihələrin birbaşa təşəbbüskarı və iştirakçısıdır. Bununla yanaşı, Azərbaycan Avropanın enerji təhlükəsizliyi, terrorizmə qarşı mübarizə məsələlərində də mühüm rol oynayır.
Piter Van Praaq Bakıya ilk gəlişini xatırlamış və Azərbaycanda müşahidə etdiyi inkişafı xüsusi qeyd etmişdir. O demişdir: “Sonuncu dəfə Bakıda bir neçə il əvvəl olmuşam. İndi ilk qarşılaşdığım mənzərə məni yaxşı mənada heyrətləndirmişdir. Mən Azərbaycanın dostuyam və burada olmağımdan çox məmnunam”.
Qonaq demişdir ki, Marşall Fondunun nümayəndələrinin Azərbaycana səfərindən əsas məqsədi strateji, regional, yerli, siyasi məsələlər ətrafında mazakirələr aparmaqdır. Ötən il fondun yaratdığı “Qara dəniz birliyi” Amerika Birləşmiş Ştatları, Rumıniya və digər Avropa dövlətləri ilə əməkdaşlıq edərək, bir çox ölkələrdə vətəndaş cəmiyyətlərinin inkişafına dəstək göstərir. Qurum Türkiyə, Azərbaycan, Moldova, Rusiya və Gürcüstanda fəaliyyət göstərmək niyyətindədir. Əsas məqsəd yerli qeyri-hökumət təşkilatlarının fəaliyyətini gücləndirmək, onların beynəlxalq əlaqələrini genişləndirmək və təcrübə mübadiləsini təmin etməkdir.
Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının inkişaf etdiyini vurğulayan Piter Van Praaq ölkəmizin təcrübəsinin böyük önəm daşıdığını xüsusi qeyd etmişdir. O əlavə etmişdir ki, yaxın zamanlarda fond Amerika və Avropa ölkələrinin dövlət, hökumət nümayəndələrinin, parlamentarilərinin, iş adamlarının, jurnalistlərin regiona, o cümlədən Azərbaycana səfərini təşkil etməyi planlaşdırır. Məqsəd iqtisadi baxımdan inkişaf edən, böyük enerji ehtiyatlarına sahib olan Azərbaycan haqqında daha geniş məlumatlar əldə etməkdir.
Milli Məclis sədrinin müavini bildirmişdir ki, Azərbaycan həm Avropa, həm də Birləşmiş Ştatlar üçün maraqlı ölkədir. Azərbaycan dünyadakı problemlərin həllinə töhfələr vermək imkanına malikdir və eləcə də dünyanın regionda olan maraqlarının reallaşmasında aparıcı ölkə kimi çıxış edə bilər. B.Muradova ölkəmizdəki vətəndaş institutlarının inkişafı üçün yaradılan şəraitdən danışaraq MDB və Şərqi Avropa ölkələrinin əldə etdiyimiz təcrübədən bəhrələnmələrinin onlara fayda gətirəcəyini vurğulamışdır.