AZƏRBAYCAN QİYMƏTLİ KAĞIZLAR BAZARININ GƏLƏCƏYİ
Konfransda iqtisadi inkişaf naziri Heydər Babayev, Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Gündüz Məmmədov, “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin icraçı direktorunun müavini Riad Qasımov, Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Bakıdakı nümayəndəliyinin başçısı Reymond Konvey, “Denholm Hall Russia Ltd” şirkətinin direktoru Mixail Mikulin, AZEL (Azərbaycan Elektronikası) şirkətinin vitse-prezidenti Rasim İbrahimov, Böyük Britaniyanın, Rusiyanın konsaltinq və investisiya şirkətlərinin nümayəndələri çıxış etmişlər. Qeyd olunmuşdur ki, son illər ərzində ölkənin qiymətli kağızlar bazarında müəyyən nailiyyətlər əldə edilmiş, dövlət qiymətli kağızlarının və korporativ istiqrazların buraxılışı artmışdır.
Göstərilmişdir ki, son illər qiymətli kağızlar bazarının inkişafında beynəlxalq təşkilatların texniki yardım, o cümlədən “First İnitiative” proqramı böyük rol oynamışdır. Bu proqramın layihələrini Dünya Bankı, Kanada Beynəlxalq İnkişaf Agentliyi, Böyük Britaniyanın Beynəlxalq İnkişaf Departamenti, Beynəlxalq Valyuta Fondu və başqa donor təşkilatlar maliyyələşdirir. Proqramın “Qeyri-bank korporativ istiqrazlar bazarının yaradılmasına dəstək” adlı layihəsi 2005-ci ilin iyul ayında başlanmışdır və hesabat dövrü ərzində uğurla davam etdirilmişdir. Bu layihəni Böyük Britaniyanın “Denholm Hall” şirkəti həyata keçirir. Aparılan işlərin nəticəsində 2006-cı ilin aprel ayından AZEL şirkəti tərəfindən Azərbaycanda ilk dəfə qeyri-bank korporativ istiqrazları buraxılmışdır. İstiqrazların yerləşdirilməsi Bakı Fond Birjası vasitəsilə həyata keçirilir.
Konfrans iştirakçıları Azərbaycanda qiymətli kağızlar bazarının daha da inkişaf etdirilməsinə öz töhfələrini verəcəklərini bildirmişlər.