İDMAN
Azərbaycan qrossmeysteri dünya reytinqinin ilk üçlüyündədir
Bakı, 1 may, AZƏRTAC
Beynəlxalq Şahmat Federasiyası (FIDE) 2018-ci il mayın 1-də ən yaxşı şahmatçıların yeni reytinq siyahısını dərc edib.
AZƏRTAC xəbər verir ki, reytinq əmsalı 6 bənd azalmış Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov dünya reytinqində ikinci yerdən üçüncü yerə düşüb.
Norveç nümayəndəsi, üç dəfə Vüqar Həşimov memorialının qalibi olmuş Maqnus Karlsen (2843) reytinq siyahısında yenə birinci yerdədir. İtalyan mənşəli amerikalı şahmatçı Fabiano Karuana 2822 xal ilə ikinci yeri, keçmiş dünya çempionu rusiyalı Vladimir Kramnik 2792 xal ilə dördüncü yeri tutur. İlk beşliyi Şəmkir turnirinin gümüş medalçısı Din Lijen qapayır (2791). İlk onluqda sonrakı yerləri fransız Maksim Vaşye-Laqrav (2789), rusiyalı Sergey Karyagin (2782), amerikalı Uesli So (2778), niderlandlı Aniş Giri (2776) və ABŞ nümayəndəsi Hikaru Nakamura (2769) tutur.
Dünya reytinqinin ilk yüzlüyünə daha beş Azərbaycan qrossmeysteri daxildir: Teymur Rəcəbov (2751) – 16-cı yer, Rauf Məmmədov (2708) – 33-cü yer, Arkadi Naydiç (2697) – 47-ci yer, Eltac Səfərli (2657) – 91-ci yer və Qədir Hüseynov (2654) – 99-cü yer.
Qadınlar arasında dünya üzrə reytinq siyahısında ilk beşlik belədir: çinli Hou İfan (2658), onun həmyerlisi Tszyuy Ventszyun (2571), ukraynalı Anna Muzıçuk (2564), rusiyalı Yekaterina Laqno (2556) və digər rusiyalı Aleksandra Kostenyuk (2555).