Azərbaycan rəqqasları beynəlxalq müsabiqədən qələbə ilə qayıdıblar
Bakı, 8 may, AZƏRTAC
Tbilisidə “Georgian National Council of Dance & Sport Dance” qurumunun təşkilati dəstəyi ilə İdman rəqsləri üzrə Beynəlxalq müsabiqə keçirilib. Müsabiqədə Azərbaycanı yaşlı və uşaq rəqs cütlükləri, habelə solo rəqqaslar təmsil ediblər.
AZƏRTAC xəbər verir ki, müsabiqənin iştirakçıları Valeri Krasavin və Səbinə Heybətova Avropa proqramı ilə çıxış edərək qalib gəlib və IDSU EUROPEAN CUP kuboku ilə təltif ediliblər. Latın Amerikası proqramında ölkəmizi Nazim Seyidxanov - Kamilla Həsənli, Rəhim Məlikov - Səbinə Heybətova və Rauf Hacıyev - Stefaniya İsmayılova cütlükləri təmsil edib.
R.Hacıyev və S.İsmayılova Latın Amerikası rəqsləri üzrə çempionatın finalına vəsiqə alıblar. Müsabiqədə Azərbaycanı 4 hakim də təmsil edirdi: idman rəqsləri (Latın Amerikası proqramı) üzrə dəfələrlə respublika çempionu, idman ustası İlham Osmanov, idman rəqsləri (Avropa proqramı) üzrə dəfələrlə Azərbaycan çempionu Ruslan Tolmaçyov, idman rəqsləri (ikinövçülük - Latın Amerikası və Avropa proqramları) üzrə Azərbaycan çempionu, idman ustası Yelizaveta Novikova və idman rəqsləri (Avropa proqramı) üzrə ölkə çempionu, idman ustası Timur Qədirov.