AZƏRBAYCAN RESPUBLİKASI BAŞ PROKURORLUĞU MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
İyulun 26-da respublikanın Baş prokuroru Zakir Qaralov “Ruh” Jurnalistlərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Əflatun Amaşov ilə görüşmüşdür.
Baş prokuror bu günlərdə qeyd olunmuş peşə bayramı münasibətilə ölkəmizin mətbuat işçilərini təbrik etmiş və bildirmişdir ki, Azərbaycan Prezidenti Heydər Əliyevin dəfələrlə vurğuladığı kimi, müstəqil mətbuatın yaranması və inkişafı respublikamızın son dövrdə qazandığı ən böyük nailiyyətlərdən biridir. Z.Qaralov demişdir ki, senzuranın ləğvi, kütləvi informasiya vasitələrinin fəaliyyətini tənzimləyən mütərəqqi qanunların qəbul olunması məhz dövlətimizin başçısının adı ilə bağlıdır. Təsadüfi deyil ki, ötən il Jurnalistlərin Hüquqlarını Müdafiə Komitəsi Azərbaycan Prezidentini “Jurnalistlərin dostu” elan etmişdir. Prezident Heydər Əliyev bu günlərdə jurnalistlərlə görüşündə də bildirmişdir ki, ölkəmizdə söz və mətbuat azadlığı üçün bundan sonra da hər cür şərait yaradılacaqdır.
Baş prokuror xatırlatmışdır ki, “Kütləvi informasiya vasitələrinə dövlət qayğısının artırılması sahəsində əlavə tədbirlər haqqında 2001-ci il 27 dekabr tarixli Sərəncamı ilə Azərbaycan Prezidenti jurnalistlərə qarşı onların peşə fəaliyyəti ilə əlaqədar törədilən qanun pozuntularına dair bütün məlumatların araşdırılmasını Baş prokurorluğa tövsiyə etmişdir. Bununla əlaqədar Baş prokuror müvafiq sərəncam vermiş, bu qəbildən olan bütün müraciətlərin araşdırılması ciddi nəzarətə götürülmüşdür. Bu sahədə işlər müntəzəm ümumiləşdirilir, nəticəsindən asılı olaraq, qanuna müvafiq tədbirlər görülür.
Ə.Amaşov jurnalistikanın mövcud problemlərindən danışaraq, obyektiv çətinliklərlə yanaşı, subyektiv maneələrin də müstəqil mətbuatın işinə mənfi təsir göstərdiyini bildirmişdir. O, jurnalistlərə peşə fəaliyyəti ilə əlaqədar təzyiq göstərilməsi faktları barədə hüquq-mühafizə orqanlarında yoxlanılan materiallar və qaldırılmış cinayət işləri ilə bağlı bəzi qəzet redaktorlarının və ayrı-ayrı jurnalistilərin müraciətlərini Baş prokurora təqdim etmişdir.
Həmin müraciətlərin qısa müddətdə araşdırılaraq qanuni tədbirlər görüləcəyini söyləyən Baş prokuror, eyni zamanda, mətbuatda milli mənəviyyata, ictimai əxlaqa zidd olan, etnik separatçılığı, cinayətkar aləmin tanınmış nümayəndələrinin əməllərini və həyat tərzini, habelə zorakılığı təbliğ edən, oxucunu inandırmaq məqsədi ilə “mötəbər mənbə” ifadəsindən istifadə edərək, vətəndaşların şərəf və ləyaqətini alçaldan yalan və qərəzli materiallara geniş yer verilməsinə diqqəti cəlb etmiş və belə zərərli meyllərin, habelə “reket jurnalistliyinin” qarşısının alınmasında jurnalistlərin ictimai təşkilatlarının fəal mövqe tutmasının zəruriliyini vurğulamışdır.