Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN RESPUBLİKASI QƏSƏBƏ BƏLƏDİYYƏLƏRİ MİLLİ ASSOSİASİYASININ SƏDRİ, BİLƏCƏRİ BƏLƏDİYYƏSİNİN SƏDRİ İLHAM XƏLİLOVUN MƏRUZƏSİ

- Hörmətli toplantı iştirakçıları!

Müəllifi ümummilli liderimiz Heydər Əliyev olan, bütün demokratik dəyər və prinsipləri özündə əks etdirən Azərbaycan Respublikasının Konstitusiyasında yerli özünüidarəetmə ilə bağlı müddəaların əks olunması ölkəmizdə yeni təşəkkül tapan bələdiyyə institutunun formalaşmasının və inkişafının əsaslarını müəyyənləşdirmişdir. Qısa müddət ərzində respublikamızda yerli özünüidarəetmənin təşkili istiqamətində çoxsaylı tədbirlər həyata keçirilmiş, beynəlxalq tələblərə cavab verən mütərəqqi qanunvericilik bazası yaradılmışdır.

Ümummilli liderimizin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin böyük əzmkarlıqla həyata keçirdiyi genişmiqyaslı islahatlar ölkəmizin sosial-iqtisadi inkişafında keyfiyyətcə yeni mərhələnin əsasını qoymuşdur. İqtisadi inkişaf strategiyasının yüksək dinamizmlə, uğurla aparılması Azərbaycanı regionun lider dövlətinə çevirmiş, beynəlxalq aləmdə onun nüfuzunu gücləndirmişdir. Azərbaycan Prezidenti respublikamızda demokratik proseslərə də yeni nəfəs vermiş, ölkənin həm intellektual, həm də iqtisadi potensialını səfərbər edə bilmişdir.

Dövlətimizin başçısının uzaqgörən siyasəti, ardıcıl fəaliyyəti və məharətli idarəçiliyi nəticəsində öz miqyasına və inkişaf tempinə görə heyrətamiz iqtisadi tərəqqi, dünya birliyinə sürətli inteqrasiya prosesi baş vermiş, mühüm regional layihələrin həyata keçirilməsinə imkanlar yaradılmışdır.

Son dörd ildə respublikamızda ümumi daxili məhsul 96 faiz, dövlət büdcəsi 10 dəfədən çox artmış, vətəndaşların maddi rifahı yüksəlmiş, yoxsulluğun səviyyəsi 49 faizdən 16 faizə düşmüşdür. İşsizlik probleminin həlli məqsədi ilə 650 mindən çox yeni iş yeri açılmışdır.

Ölkənin sürətli inkişafında, əhalinin sosial rifahının yüksəlməsində, demokratiyanın genişlənməsində yerli özünüidarəetmə orqanları olan bələdiyyələrin də rolu və iştirakı ildən-ilə artmaqdadır. Yerli əhəmiyyətli məsələlərin həllində artıq bələdiyyələrin konkret iş görmək təcrübələri və özlərinə inamları güclənmiş, nüfuzları yüksəlmişdir. Onların təşkilatlanması və fəaliyyətlərinin əlaqələndirilməsi üçün milli assosiasiyaların fəaliyyəti genişlənmişdir.

Hörmətli Ramiz müəllim, sizin iştirakınızla bələdiyyə sədrlərinin Bakı şəhərində keçirilmiş I ümumrespublika toplantısından bir il ötür. Yerli özünüidarəetmənin inkişafında və yerli əhəmiyyətli məsələlərin həllində bələdiyyələrin rolunun artırılması, qabaqcıl təcrübənin öyrənilib yayılması, şəffaflığın təmin edilməsi, bələdiyyə üzvlərinin və qulluqçularının maarifləndirilməsi, kadr problemlərinin həlli, gənclərlə işin gücləndirilməsi ilə bağlı həmin toplantıdakı nitqinizdə verdiyiniz tövsiyələr ötən dövrdə milli assosiasiyalarımız və bələdiyyələr üçün fəaliyyət proqramı olmuşdur. Gərgin iş rejiminizə baxmayaraq, siz bu gün yenə də bizimlə birlikdəsiniz. Buna görə sizə toplantı iştirakçıları adından dərin minnətdarlığımızı bildiririk!

Birinci ümumrespublika toplantısı milli assosiasiyaların ”Bir bələdiyyə - azı bir layihə” təşəbbüsünü dəstəkləmiş, ölkə bələdiyyələrini vahid ideya ətrafında birləşdirərək, onları yerli əhəmiyyətli sosial məsələlərin həllinə yönəltmişdir. Son bir ildə 3 minə yaxın layihəni həyata keçirmiş Azərbaycan bələdiyyələrinin artıq iş təcrübəsindən danışmağa sözləri və əsasları vardır.

Milli assosiasiyalar yerli əhəmiyyətli sosial məsələlərin həllində bələdiyyələrin topladıqları qabaqcıl təcrübənin öyrənilməsi və yayılması məqsədi ilə cari ilin aprel ayında Şamaxı şəhərində, Bakının Biləcəri qəsəbəsində və Göyçay rayonunun Cəyirli kəndində dəyirmi masalar keçirmişlər.

Dəyirmi masalarda bələdiyyələr tərəfindən şəhər, qəsəbə və kəndlərin abadlaşdırılması, yaşayış məntəqələrində sosial obyektlərin, yolların, sadə idman meydançalarının inşası, təmiri və istifadəsi, elektrik, qaz, su təchizatı, yerli ekoloji problemlərin həlli sahəsində toplanmış iş təcrübəsi barədə məlumatlar verilmiş, işgüzar müzakirələr aparılmışdır.

Cari il aprelin 16-da Bakı şəhərində keçirilmiş “Bələdiyyə: yeni forma, yeni məzmun” mövzusunda respublika konfransı bir növ bu sahədə görülmüş işlərə yekun vurmuşdur. Konfransda Yevlax, Şirvan, Xırdalan, Xaçmaz, Yasamal, Suraxanı rayonunun Qaraçuxur, Əzizbəyov rayonunun Mərdəkan, Tovuz rayonunun Qovlar, Masallı rayonunun Çaxırlı və Göyçay rayonunun Cəyirli bələdiyyələrinin iqtisadi, sosial və ekoloji sahələrdə topladıqları müsbət təcrübələri müzakirə olunmuşdur.

Konfransın nəticələri onu deməyə əsas verir ki, I toplantıda hörmətli Ramiz Mehdiyevin “Arzu edirəm ki, sosial-iqtisadi inkişaf məsələlərinin həllində bələdiyyələrin fəaliyyətində “Bir bələdiyyə - azı bir layihə” təşəbbüsü kampaniya xarakteri daşımasın, ardıcıl davam edən real və işgüzar bir ənənəyə çevrilsin” tövsiyəsi uğurla həyata keçirilərək sistemli xarakter almış, artıq bələdiyyə hərəkatına çevrilmişdir.

Cari ilin ötən aylarında görülmüş işlərin təhlili göstərir ki, ölkə bələdiyyələri yerli əhəmiyyətli məsələlərin həlli çərçivəsində şəhər, qəsəbə və kəndlərin abadlaşdırılması, təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin, sadə idman meydançalarının və qurğularının tikilməsi və istifadəsinə dair layihələrin icrasına daha çox önəm verirlər. Bir çox bələdiyyələr bu sahədə öz fəaliyyətlərini sistemli, məqsədyönlü şəkildə qurur və konkret nəticələr əldə edirlər.

İlin ötən aylarında yerli icra hakimiyyəti orqanlarının hesabat yığıncaqlarında və icra hakimiyyəti başçılarının səyyar görüş-qəbullarında əhali tərəfindən qaldırılmış sosial əhəmiyyətli 4423 məsələdən yerli əhəmiyyət daşıyan 1000-ə yaxınının həyata keçirilməsini bələdiyyələr öz üzərlərinə götürmüşlər.

Abşeron bələdiyyələri imkanlarını rayon üzrə konkret bir məsələnin həllinə istiqamətləndirərək 2007-ci ili səhiyyə, cari ili isə mədəniyyət ili elan etmişlər. Onların təşəbbüsü ilə ötən il rayonun kənd və qəsəbələrində 3 yeni müasir tipli xəstəxana binası tikilib istifadəyə verilmiş, 3 tibb məntəqəsi əsaslı təmir edilmiş, cari ildə isə 3 mədəniyyət evinin inşası, 3-nün isə əsaslı təmiri nəzərdə tutulmuşdur.

Xaçmaz bələdiyyələri də I toplantıda verdikləri vədlərinə sadiq qalaraq bir çox kəndlərdə poliklinika, ambulatoriya və feldşer-mama məntəqələrini inşa və təmir edərək, əhaliyə səhiyyə xidmətinin göstərilməsi üçün lazımi şərait yaratmışlar.

Tovuz bələdiyyələri isə 2007-ci ili idman və bədən tərbiyəsi ili elan edərək, rayonun bir çox kəndlərində mini stadionların, sadə idman meydançalarının və qurğularının inşasına nail olmuşlar.

Bələdiyyələrimiz 2008-ci ildə İmişli rayonunda klub və kitabxanaların, Cəlilabad, Ağcabədi, Neftçala və Oğuz rayonlarında kənd və məhəllədaxili yolların, Masallı rayonunda isə qaz xətlərinin təmirinə, Göyçay, Ağsu və Ucar rayonlarında suvarma, Yevlax rayonunda içməli su təminatına dair layihələr həyata keçirirlər. Yevlax, Yasamal, Biləcəri, Badamdar, Pirşağı və Mehdiabad bələdiyyələrinin məişət tullantılarının yığılması və daşınması sahəsində fəaliyyətləri də yerli əhali tərəfindən yüksək qiymətləndirilir.

Əhalini narahat edən məsələlərin həlli bələdiyyələrin birbaşa vəzifəsi olsa da, bu istək ürəkdən gəlməsə, ondan uğur gözləməyə dəyməz. Araşdırmalar isə bir sıra bələdiyyələrdə təşəbbüskarlıq və işgüzarlığın çatışmadığını göstərir. Onlar real iş görmək, əhalinin irili-xırdalı problemlərini həll etmək əvəzinə, heç bir iqtisadi-maliyyə əsaslandırılması olmayan böyük həcmli layihələri kağız üzərində irəli sürməklə fəaliyyətlərini bitmiş hesab edirlər. Elə bu səbəbdən Dəvəçi, Qusar, Lerik və Yardımlı rayonlarının bələdiyyələri tərəfindən təqdim olunmuş əksər layihələr, qeyri-real olduğu üçün, indiyədək həyata keçirilməmiş qalır.

“Bir bələdiyyə - azı bir layihə” təşəbbüsü milli assosiasiyaların yaxından köməyi ilə yeni forma və məzmunla zənginləşir. Assosiasiyalar bələdiyyələri “Seçicilərimizi eşidək”, “Bələdiyyə günü”, “Abad məhəllə”, “Abad kənd”, “Bizim ünvan”, “Sadə idman meydançalarına bələdiyyə qayğısı” və “Bələdiyyə kuboku” kimi yeni təşəbbüslərə qoşulmağa çağırır. Düşünürük ki, bələdiyyələrin “Seçicilərimizi eşidək” və “Bələdiyyə günü” təşəbbüslərinə qoşulması vətəndaşların təklif və müraciətlərinə həssaslıqla yanaşılmasına, qaldırılan məsələlərin qanun çərçivəsində həllinə şərait yaradacaqdır. “Abad məhəllə” və “Abad kənd” təşəbbüsləri isə ölkəmizin bütün bölgələrində gedən quruculuq işlərində, şəhər, qəsəbə və kəndlərimizin inkişafı proseslərində bələdiyyələrin roluna yeni baxış olacaqdır. “Sadə idman meydançalarına bələdiyyə qayğısı” və “Bələdiyyə kuboku” təşəbbüsləri çərçivəsində əhalinin sağlamlığının qorunması, idmanın inkişafı ilə yanaşı gənclər arasında sağlam həyat tərzinin təbliğində bələdiyyələr önəmli rol oynayacaqdır. “Bizim ünvan” təşəbbüsü ilə bələdiyyələr ərazilərindəki meydan və küçələrin adlarını göstərən lövhələrin quraşdırılması və təzələnməsi məsələlərini öz üzərlərinə götürəcəklər.

Hörmətli toplantı iştirakçıları!

2007-ci il bələdiyyələrin həyatında daha bir əlamətdar hadisə ilə yadda qalmışdır. Azərbaycan bələdiyyələri ilk dəfə olaraq Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin təşəbbüsünə qoşularaq ümumavropa tədbirinin - “Avropada yerli demokratiya həftəsi”nin iştirakçıları olmuşlar. Həftə ilə bağlı əvvəlcədən hazırlıq işləri görülmüş, yerli xüsusiyyətlər nəzərə alınmaqla tövsiyələr hazırlanmış, milli assosiasiyalar tərəfindən bələdiyyə sədrlərinin şəhər və rayonlarda müşavirələri keçirilmişdir.

Cəmiyyətdə müsbət rəy yaratmış həftə çərçivəsində bələdiyyələrdə “açıq qapı” günləri, ziyalılar, ağsaqqallar və məktəbli gənclərlə görüşlər təşkil olunmuş, vətəndaşlarla birbaşa əlaqələrin qurulması üçün “qaynar xətt”lər yaradılmış, “bələdiyyə poçt qutuları” və xüsusi məlumat lövhələri quraşdırılmışdır. Bu tədbirlər öz mütəşəkkilliyi və məzmunu ilə seçilmiş, bələdiyyələrin işinə əhalinin marağını artırmış, “vətəndaş-bələdiyyə”, “bələdiyyə-vətəndaş” əlaqələrini möhkəmləndirmişdir.

Təşkilati baxımdan yüksək səviyyədə hazırlanmış “Azərbaycanda yerli demokratiya həftəsi”ndə keçirilən 5 minə yaxın görüşdə vətəndaşların irəli sürdükləri minlərlə təklif bələdiyyələrin fəaliyyətinin gücləndirilməsinə sanballı töhfə vermişdir. Ölkə rəhbərliyinin də önəm verdiyi və yüksək səviyyədə keçirilən “demokratiya həftəsi”nin səmərəli işi Avropa qurumları tərəfindən qiymətləndirilmişdir.

I toplantıdan ötən dövrdə beynəlxalq təşkilatlarla əlaqələrin qurulması və möhkəmləndirilməsi milli assosiasiyaların fəaliyyətində prioritet istiqamətlərdən biri olmuşdur. Milli assosiasiyaların rəhbərləri Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin plenar sessiyalarında və müvafiq komitələrinin iclaslarında üzv qismində ardıcıl iştirak etmiş, qəbul olunan qərarlara dair ölkə bələdiyyələrinin mövqeyini bildirmişlər.

Bələdiyyə təsisatı inkişaf edərək, ölkənin demokratik idarəetmə sistemində tədricən öz yerini tutur. Bələdiyyələr yaradılmış münbit şəraitdən faydalanaraq, onlara qanunla verilmiş səlahiyyətlərdən daha bacarıqla istifadə etməyə, ölkədə gedən geniş abadlıq-quruculuq işlərində dövlətin yaxın köməkçisi kimi, işin bir hissəsini öz üzərlərinə götürməyə, seçicilərinin etimadını qazanmağa çalışırlar.

Azərbaycan Prezidenti İlham Əliyev 2007-2008-ci illərdə respublikanın 10 rayonunda sutəmizləyici və lokal çirkab sularını təmizləyən modul tipli 100 qurğunun quraşdırılması ilə bağlı ötən ilin iyun ayında Sərəncam imzalamış, Prezidentin Ehtiyat Fondundan 6,5 milyon manat məbləğində vəsait ayırmışdı. Artıq 50 su təmizləyici və 25 lokal çirkab sularını təmizləyən modul tipli qurğular quraşdırılmışdır. Digər qurğuların quraşdırılması da sürətlə davam etdirilir və işlər ilin sonunadək başa çatdırılacaqdır. Sərəncama uyğun olaraq, onlara normal texniki xidmətin göstərilməsini təmin etmək və istismarını həyata keçirmək məqsədi ilə həmin qurğular müvafiq bələdiyyələrin balansına verilmişdir. Bu məsələ ölkəmizin başçısının kənd adamlarının sağlamlığına, onların həyat səviyyəsinin yaxşılaşdırılmasına göstərdiyi böyük qayğının ən bariz nümunəsi olmaqla yanaşı, həm də Prezidentin Azərbaycan bələdiyyələrinə böyük diqqəti və etimadının sübutudur.

Bələdiyyələrin tarixinə yeni səhifə yazan, gözəl bir ənənənin əsasını qoyan Prezidentin sərəncamları təkcə əhalinin sosial və ekoloji problemlərinin həlli ilə deyil, həm də bələdiyyələrə yeni səlahiyyətlərin, əvəzsiz mülkiyyətin və əmlakın verilməsi ilə əlamətdardır. El arasında su çəkmək dünyanın ən savab, ən xeyirxah işi sayılır. Cənab Prezidentin bu xeyirxah əməli, qısa müddətdə ən ucqar kəndlərdə 100 min nəfərdən çox əhalinin içməli su probleminin yüksək dünya standartları səviyyəsində həllinə, minlərlə ailənin sevincinə səbəb olmuşdur. Həmin kəndlərin sakinlərinin, Azərbaycan bələdiyyəsində çalışanların, o cümlədən toplantı iştirakçılarının hamısının adından cənab Prezidentə dərin təşəkkürümüzü bildiririk.

Prezident İlham Əliyevin kənd təsərrüfatının inkişafına göstərdiyi diqqət və qayğının nəticəsində ailə-kəndli təsərrüfatları möhkəmlənir, ölkənin ərzaq təhlükəsizliyinin təminatında onların rolu artır. İstehsal vahidi kimi kənddə yeni formalaşan çoxsaylı ailə-kəndli təsərrüfatlarının üzvlərinə əmək fəaliyyətini və stajını təsdiqləyən sənədlərin verilməsi məhz bələdiyyələrin müstəsna səlahiyyətlərinə aid edilmişdir. Həmin səlahiyyəti həyata keçirməklə kənd bələdiyyələri əhali ilə daha sıx təmasda olmaq, onları narahat edən məsələləri öyrənməklə lazımi tədbirlər görmək imkanları da əldə edirlər. Bu, həm də ölkənin ərzaq təhlükəsizliyi proqramının həllində, ərazidəki torpaq mülkiyyətçilərinə istehsal üçün lazımi şərait yaradılmasında bələdiyyələrin üzərinə yeni vəzifələr qoyur, onları bələdiyyə mülkiyyətlərində olan əkinəyararlı torpaqlardan daha səmərəli istifadəyə yönəldir.

Bildiyiniz kimi, dövlətimizin başçısının Sərəncamına əsasən keçən ildən kənd təsərrüfatı məhsulları istehsalına marağın artırılması üçün bir sıra tədbirlərin həyata keçirilməsinə başlanmışdır. O cümlədən mülkiyyətçilərə torpaq sahəsinin əkilib-becərilməsi üçün mineral gübrələrin, yanacağın, əkinlərin sığortalanması xidmətinin dəyərinin bir hissəsinin dövlət büdcəsindən ödənilməsi və digər güzəştlərin tətbiqi kənd təsərrüfatının inkişafına əsaslı zəmin yaratmışdır. Bütün bunlara görə kənd adamları cənab Prezidentə ən səmimi minnətdarlıqlarını bildirirlər.

Bələdiyyələrin fəaliyyətinin şəffaflıq prinsipləri əsasında qurulması əhalinin onlara inamını artıran əsas amillərdən biridir. Bir çox bələdiyyələr fəaliyyətlərində həmin prinsipləri qanunvericilikdə nəzərdə tutulmuş qaydada təmin edirlər. Lənkəran, Quba, Xaçmaz, Tovuz, Gəncə və Zaqatala bələdiyyələri yerli televiziya kanallarından, Sumqayıt və Şəki bələdiyyələri təsis etdikləri qəzetlərdən, Xudat və Mərdəkan bələdiyyələri isə bukletlərdən istifadə edərək, büdcələri və gördükləri işlər barədə əhaliyə mütəmadi məlumatlar verirlər. Digər bələdiyyələrdə də sakinlərlə görüşərək hesabatlar vermək, inzibati binalarının qarşısında, əhalinin sıx məskunlaşdığı ərazilərdə müxtəlif elan lövhələri yerləşdirməklə şəffaflığı təmin etmək praktikası vardır.

Təəssüflə də olsa deməliyik ki, bəzi bələdiyyələrin fəaliyyəti demokratik prinsiplərdən kənarlaşır, onlarda inzibati amirlik, təkbaşına idarəçilik meyilləri üstünlük təşkil etməyə başlayır. Belə bələdiyyələrin sədrləri nəinki öz seçicilərinə, hətta bələdiyyə üzvlərinə belə gördüyü işlər, büdcənin gəlir və xərcləri barədə dolğun məlumatlar vermirlər. Bunu bələdiyyəçilikdə ən yanlış və ziyanlı praktika hesab edirik.

Bələdiyyələrin büdcəsinin möhkəmləndirilməsində yerli maliyyə mənbələrinin yaradılması ilə yanaşı, büdcə şəffaflığı məsələləri də aktualdır. Büdcə barədə sakinlərin müntəzəm məlumatlandırılması əhalidə bələdiyyələrə inamın artırılmasında güclü vasitə ola bilər.

Bu halda auditor rəyindən bələdiyyələrin maliyyə-təsərrüfat fəaliyyətini əks etdirən mühüm sənəd kimi istifadə edə bilərdik. Lakin aparılan təhlillər göstərir ki, bələdiyyələrin auditdən keçməsi 2004-cü ildə 45,9 faiz, 2005-ci ildə 40 faiz, 2006-cı ildə 50,1 faiz, 2007-ci ildə isə 51,3 faiz təşkil etmişdir. Assosiasiyalar yerli özünüidarə orqanlarının auditdən yayınma hallarının qarşısının alınması, bu sahədə əməli kömək göstərilməsi məqsədi ilə bələdiyyələrlə birlikdə daha səmərəli mexanizm hazırlayıb həyata keçirməyi nəzərdə tutur və sizdən əməli təkliflər gözləyir.

Ötən ilin yekununa görə respublika üzrə icmal yerli büdcə gəlirləri 89,4 faiz, xərclər isə 83,7 faiz icra olunmuşdur. İcmal yerli büdcənin əsas hissəsini təşkil edən Bakı şəhər bələdiyyələri 2007-ci ildə fiziki şəxslərdən planlaşdırılan əmlak vergisinin 50,3 faizini, küçə reklamlarının yayımına görə ödənişlərin isə yalnız 28,9 faizini toplaya bilmişlər.

Qax, Mingəçevir, Kürdəmir, Daşkəsən, Qəbələ, Siyəzən, Lerik, Gədəbəy və Göygöl rayonlarında bələdiyyələr yerli vergilərin yığılmasını 40 faizdən aşağı yerinə yetirmişlər. Həmin rayonların əksəriyyətində bu göstərici hətta 2006-cı illə müqayisədə azalmışdır. Bir sıra rayonlarda fiziki şəxslərdən əmlak vergisinin yığılması işi olduqca zəif təşkil edilmişdir. Məsələn, bu mənbədən daxilolma Saatlı, Şəmkir, Zərdab, Masallı rayonlarında nəzərdə tutulanın 9-15 faizini, Hacıqabulda, Gədəbəy və Astara rayonlarında isə 1-3 faizini təşkil etmiş, Qəbələ rayonunda isə ümumiyyətlə, bu sahədən vergi yığılmamışdır. Masallı rayonunda bələdiyyələrin fiziki şəxslərdən topladığı əmlak vergisinin həcmi 2007-ci ildə əvvəlki ilə nisbətən 8 dəfə azalmışdır. Vəziyyət o yerə gəlib çatmışdır ki, Lerik rayonunda fəaliyyət göstərən 99 bələdiyyənin büdcəsinin 81 faizini dövlət büdcəsindən alınan dotasiyalar təşkil etmişdir.

Yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi 2007-ci ildə əvvəlki ilə nisbətən Mingəçevir şəhərində 75,2 min manat, Hacıqabul rayonunda 12,2 min manat, Dəvəçi rayonunda isə 2,7 min manat aşağı düşmüşdür. Mingəçevir bələdiyyəsi verginin ödənilməsini qanunsuz dayandırmış hüquqi şəxslərə qarşı məhkəmə iddiası qaldırmış, öz hüququnu qorumaq üçün prinsipial mövqe tutmuşdur. Digər bələdiyyələr də büdcələrinin formalaşdırılması üçün bütün hüquqi addımların atılmasına çalışmalıdırlar.

Respublika üzrə yerli büdcə xərclərinin 29,1 faizini bələdiyyə orqanlarının saxlanılması xərcləri təşkil etmişdir. Bəzi bələdiyyələr 2007-ci ildə yerli büdcəyə topladıqları vəsaitlərin yarıdan çoxunu bələdiyyənin saxlanılmasına yönəltmişlər. Belə ki, Tovuzda yerli büdcənin 66,1 faizi, Qazaxda isə 52,3 faizi bələdiyyələrin saxlanılmasına yönəldilmişdir.

Təəccüb doğuran isə odur ki, 2006-cı illə müqayisədə 2007-ci ildə icmal yerli büdcə gəlirləri aşağı düşdüyü halda, bələdiyyə orqanlarının saxlanılması xərcləri 4 milyon 221 min manat artmışdır.

Hesabat ilində bələdiyyələr tərəfindən öz mülkiyyətlərində müəssisə və təşkilatların yaradılması və fəaliyyətlərinin təşkili işi yarıtmaz vəziyyətdə olmuşdur. 2007-ci ildə milli assosiasiyalara bələdiyyələrdən əmlakın əldə edilməsi, müəssisələrin yaradılması üzrə ümumi dəyəri 424 min manat olan 83 layihə daxil olmuş və onların ilin sonunadək həyata keçiriləcəyi bildirilmişdi. Lakin bələdiyyələrin maliyyə mənbələrinin formalaşması və əhalinin işsizlik probleminin həllində, iqtisadi inkişafda mühüm rol oynayacaq bu məsələyə bələdiyyələr ciddi diqqət yetirməmiş, həmin layihələrdən heç biri reallaşmamışdır.

Buna səbəb nədir? Bəziləri yanlış olaraq hesab edirlər ki, bələdiyyələrin yaratdığı müəssisədə mütləq nə isə istehsal olunmalıdır. Lakin nəzərə almırlar ki, bələdiyyə xidmət göstərən orqandır. Bələdiyyələrin yaratdığı müəssisələr də əsas etibarilə xidmət müəssisələri olmalıdır. Hətta geniş maliyyə imkanlarına malik olan Abşeron, Sabunçu, Binəqədi rayonlarının bələdiyyələri belə bu sahədə təşəbbüs göstərmir, əsas gəlir mənbəyi kimi bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsinə üstünlük verir, dayanıqlı yeni gəlir mənbələrinin yaradılmasına laqeyd münasibət bəsləyirlər. Elə bunun nəticəsidir ki, 2007-ci ilin yekunlarına görə respublika üzrə bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatlardan yerli büdcəyə cəmi 200 manat və ya proqnozun 0,4 faizi qədər mənfəət vergisi daxil olmuşdur.

Bələdiyyə büdcələrinin gəlirlərində, xüsusilə şəhərlərdə küçə reklamlarının yerləşdirilməsindən və avtomobil dayanacaqlarından yığılan ödənişlərin xüsusi çəkisinin artırılmasına böyük imkanlar vardır. Lakin burada da ziddiyyətli faktla üzləşirik: respublikada avtomobillərin sayının böyük sürətlə artdığı bir şəraitdə, bələdiyyələr tərəfindən avtomobil dayanacaqlarına görə toplanan ödənişlərin həcmi 2007-ci ildə 2006-cı ilə nisbətən demək olar ki, iki dəfə azalmışdır.

Bələdiyyələrin maliyyə problemlərinin meydana çıxmasında səriştəsizlik, qanunvericiliyə tam bələd olmamaq, passivlik kimi subyektiv səbəblərlə yanaşı, obyektiv məqamlar da vardır. Məsələn, əmlak vergisi hesablanarkən fiziki şəxslərin mülkiyyətində olan daşınmaz əmlakın təkmil qiymətləndirmə mexanizminin olmaması yerli büdcənin formalaşmasına öz mənfi təsirini göstərir. Bu məsələnin həllində biz Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən əməli kömək gözləyirik.

Ötən ilin oktyabr ayınadək bələdiyyələrimiz büdcələrini əsas etibarilə mülkiyyətlərində olan torpaqların satılması və icarəyə verilməsi yolu ilə formalaşdırsalar da, hərrac və müsabiqə kimi mütərəqqi bazar iqtisadi metodlarından istifadə etməmişlər. Ötən ilin sonlarından bələdiyyə mülkiyyətində olan torpaqların alqı-satqısı və icarəyə verilməsinin yalnız hərrac və müsabiqələrdə reallaşdırılması barədə qanunvericilikdə edilmiş dəyişikliklər, torpaqlarda “digər maraqları olan” tək-tək bələdiyyələrdən başqa, hamı tərəfindən razılıqla qarşılanmışdır. Ona görə ki, yeni şərtlər bələdiyyələrin büdcələrinə daxilolmaların və torpaqların idarə edilməsinin səmərəliliyinin artırılmasına, bu sahədəki mənfi halların aradan qaldırılmasına imkanlar yaradacaqdır. Lakin hərrac və müsabiqələrin təşkili ilə bağlı müvafiq normativ hüquqi sənədlərin bu günədək qəbul olunmaması icarə müddəti bitmiş müqavilələrin yenidən bağlanmasında, xüsusilə icarədar əkinçiləri və kiçik sahibkarları çətin vəziyyətə salır.

Birinci ümumrespublika toplantısından ötən dövrdə xəritəsi olmayan bələdiyyələrdən 164-ü artıq müvafiq sənədləri almış, hazırda Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində 518 bələdiyyənin hüquqi sənədlərinin hazırlanması üzərində iş davam etdirilir. Lakin müxtəlif obyektiv və subyektiv səbəblərə görə 141 bələdiyyənin, o cümlədən Bakı şəhərinin 52 bələdiyyəsinin ərazisində yerquruluşu işləri aparılmır.

Keçən toplantıda da ciddi vurğulandığı kimi, bələdiyyə institutunun inkişafında mühüm amillərdən biri olan peşəkar milli kadrların hazırlanması və maarifləndirmə işinin təşkilinə diqqətin artırılmasıdır.

Milli assosiasiyalar Azərbaycan Respublikası Prezidentinin yanında Dövlət İdarəçilik Akademiyası və Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası ilə bu sahədə birgə iş qurmuşdur. Lakin qeyd olunan tədris müəssisələrində təşkil edilən kurslar obyektiv səbəblərdən çoxsaylı bələdiyyə üzvlərini və qulluqçularını əhatə etmək imkanında deyildir. Bəzi hallarda isə bələdiyyə nümayəndələrinin müxtəlif səbəblərdən Bakıya gələ bilməməsi yerlərdə səyyar kursların və seminarların sayının artırılmasını, bu işdə yeni forma və metodların tətbiqini zəruri edir.

Hesab edilir ki, bələdiyyələrin fəaliyyətinin əsası seçkilərdə qoyulur. 1999-cu ilə nisbətən 2004-cü ildə seçilmiş bələdiyyə üzvləri arasında müsbət keyfiyyət dəyişiklikləri baş vermişdir. Buna baxmayaraq, yeniləşən, müasirləşən, güclənən respublikamızın kadr potensialı ilə indiki tərkib ayaqlaşmır. Ötən seçkilərin nəticələrinə görə bələdiyyə üzvlərindən yalnız üçdəbiri ali təhsillidir. Bələdiyyə üzvləri arasında qadınlar və gənclər çox az sayda təmsil olunmuşlar.

Biz növbəti bələdiyyə seçkilərinə artıq 10 illik təcrübə ilə gedərək əhali arasında təbliğat, təşviqat işlərini elə aparmalıyıq ki, bacarıqlı, peşəkar, təşəbbüskar, müasir düşüncə tərzi olan şəxslər, o cümlədən qadınlar və gənclər öz namizədliklərini irəli sürsünlər. Xalq isə artıq öz seçimini edəcəkdir.

Yerli özünüidarəetmənin inkişafının əsas şərtlərindən biri bələdiyyələrin potensialının gücləndirilməsidir. Azərbaycan bələdiyyələri arasında əhalisinin sayı az, ərazisi kiçik olan bələdiyyələr çoxdur. Birinci ümumrespublika toplantısında əhalisinin sayı az olan bələdiyyələrin birləşməsi məqsədəmüvafiq hesab edilmişdir. Ötən dövr ərzində bələdiyyələrin birləşdirilməsi mexanizminin təkmilləşdirilməsinə dair milli assosiasiyalar tərəfindən təkliflər hazırlanaraq aidiyyəti orqanlara təqdim edilmiş, məsələyə Milli Məclisdə baxılmış və Azərbaycan Respublikasının Prezidenti tərəfindən müvafiq qanun imzalanmışdır. Birləşmək üçün bələdiyyələr özləri maraqlı olmalı, bununla bağlı təşəbbüslər irəli sürməli və birləşmənin gələcəkdə həm bələdiyyələrə, həm də əhaliyə verəcəyi fayda barədə seçicilərlə maarifləndirmə işləri aparmalıdırlar. Bu məsələlər növbəti bələdiyyə seçkilərinədək həll edilməlidir.

Hörmətli toplantı iştirakçıları, qarşıdan prezident seçkiləri gəlir. Mövcud qanunvericiliyə uyğun olaraq, seçkilərdə yerli özünüidarəetmə orqanlarının da üzərinə mühüm vəzifələr düşür. İnzibati ərazilərimizdə seçki məntəqələrinin təşkilində, onların bina və otaqlarla, lazımi şəraitlə təmin olunmasında, seçici siyahılarının hazırlanması və dəqiqləşdirilməsində, digər təşkilati məsələlərin həllində bələdiyyələrin imkanı daxilində iştirakı bizim birbaşa vəzifə borcumuzdur. Əminik ki, bu mühüm kampaniyanın yüksək səviyyədə, demokratik, azad və şəffaf keçirilməsi üçün bələdiyyələr öz səlahiyyətləri çərçivəsində üzərlərinə düşən bütün vəzifələri tam yerinə yetirəcəklər. Eyni zamanda, xalq tərəfindən seçilmiş, hər gün xalqla təmasda, onların içərisində olan bələdiyyələr toplantı ərəfəsində keçirdikləri yığıncaq və görüşlərdə bir fikri səsləndirmiş və onu ümumiləşdirərək ümumrespublika toplantısına aşağıdakıları çatdırmağı xahiş etmişlər:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında böyük əzmkarlıqla həyata keçirilən genişmiqyaslı sosial-iqtisadi islahatlar ölkəmizin hər bir guşəsini əhatə edir. Yüksək inkişaf tempi ilə aparılan bu islahatları görən hər bir Azərbaycan vətəndaşının ürəyi sevinc və fərəh hissi ilə döyünür. Çünki bizim hər birimizin gülüstana, laləzara çevrilmiş Azərbaycan kimi vətəni və hər bir vətəndaşın qayğısını çəkən İlham Əliyev kimi Prezidenti vardır!

İlham Əliyev Azərbaycanı həmişə irəliyə, inkişafa və tərəqqiyə aparan liderdir. Xalqımız Azərbaycanın təkcə bu gününü deyil, həm də gələcək taleyini ulu öndərin müəyyənləşdirdiyi və məhz möhtərəm Prezidentimiz İlham Əliyevin uğurla həyata keçirdiyi və xalq tərəfindən birmənalı şəkildə müdafiə olunan siyasi xətti ilə bağlayırlar. Bütün bunlara görə Azərbaycanın xoşbəxt sabahını, xalqının firavan həyatını və övladlarının işıqlı gələcəyini arzulayan hər kəs artıq öz seçimini etmişdir. Bu seçim heç bir alternativi, müqayisəyə gələ biləcək opponenti olmayan, xalqın vahid lideri - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdir!

Diqqətinizə görə təşəkkür edirəm!

X X X

Məruzə dinlənildikdən sonra çıxışlar olmuşdur.

Vətəndaşların sosial sifarişlərinin öyrənilməsi və həllində bələdiyyələrin iştirakı barədə danışan Naxçıvan MR Kənd Bələdiyyələri Assosiasiyasının sədri Tofıq Babayev bildirdi ki, bu gün ölkəmizdə əldə olunan uğurlar və həyata keçirilən islahatlar öz başlanğıcını ümummilli liderimiz Heydər Əliyevin müəyyən etdiyi siyasətdən götürür. Ümummilli liderimizin müəyyənləşdirdiyi bu siyasət ölkəmizin başçısı İlham Əliyev tərəfindən uğurla aparılır. Bu gün ölkədəki sosial-iqtisadi inkişafın başlıca məqsədi vətəndaşların həyat səviyyəsinin yüksəldilməsi və əhalinin sosial müdafiəsinin hərtərəfli təmin edilməsidir. Biz əminik ki, Prezident İlham Əliyevin ölkədə apardığı quruculuq işləri iqtisadiyyatın möhkəmləndirilməsinə, regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsinə bələdiyyələrin köməyi daha da artacaq, bu işlərin reallaşmasında onlar fəal iştirak edəcəklər.

Vətəndaşların sosial sifarişlərinin öyrənilməsi və həlli istiqamətində bələdiyyələr qarşıda duran müvafiq vəzifələrin qanunvericiliklə müəyyən edilmiş səlahiyyətlər çərçivəsində həyata keçirilməsini təmin etmək üçün işlərini günün tələbləri səviyyəsində qururlar. Vətəndaşlarla görüşlər zamanı onların sosial sifarişlərinə əsasən daha zəruri məsələlərin müəyyənləşdirilməsi və onların həlli böyük əhəmiyyət daşıyır. Biz əhalinin sosial problemlərinin həlli istiqamətində müsbət təcrübə qazanmışıq. Bundan sonra da fəaliyyətimizi günün tələbləri səviyyəsində quraraq, əhalinin sosial məsələlərinin həlli istiqamətində var gücümüzlə fəaliyyət göstərəcəyik.

Yevlax bələdiyyəsinin sədri Namiq Hüseynov da həmin mövzuda danışaraq dedi ki, Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkənin iqtisadi potensialı artmış, yeni iş yerləri açılmış, yoxsulluq azalmış, əhalinin sosial müdafiəsi möhkəmlənmişdir. Bu davamlı inkişaf xalq tərəfindən birmənalı şəkildə qəbul edilir və alqışlanır. Bu işdə bələdiyyələrin də rolu vardır. Bələdiyyəmiz əhalinin içməli su təchizatına ciddi fikir verir və bu məqsədlə rayonumuzda 32 subartezian quyusu qazılmış, 34-ü bərpa edilmiş, 156 bulaq tikilmiş və 122 kilometr su xətləri çəkilmişdir. Məişət tullantılarının yığılması və daşınması ilə bağlı layihəni reallaşdırmaq üçün bir ədəd ixtisaslaşdırılmış avtomaşın və 300 ədəd tullantı qutuları alınmışdır.

Natiq bildirdi ki, Yevlax bələdiyyələri fəaliyyətlərini şəhər icra hakimiyyəti ilə qarşılıqlı əməkdaşlıq şəraitində quraraq, rayonda aparılan genişmiqyaslı abadlıq və quruculuq işlərində fəal iştirak edirlər. Şəhər icra hakimiyyəti və rayon bələdiyyələrinin yaratdığı məşvərətçi əlaqələndirmə Şurasının fəaliyyəti rayonun sosial-iqtisadi inkişafında, yerli əhəmiyyətli məsələlərin həllində, rayonun abadlaşdırılmasında və quruculuq işlərinin yerinə yetirilməsində ümumi məqsədlərə çatmağımızda müsbət rol oynayır.

Bakının Sabunçu rayonu Pirşağı bələdiyyəsinin sədri İlham Cəfərov da sosial sifarişlərin həllində bələdiyyələrin rolundan danışaraq dedi ki, bugünkü toplantı son dövrlərdə bələdiyyələrin inkişafına, onların fəaliyyətinin gücləndirilməsinə ölkəmizin rəhbərliyinin diqqət və qayğısının əyani təzahürüdür. Bu gün Pirşağı bələdiyyəsi də işini qəbul olunmuş mühüm proqramlara uyğun qurur. Sosial sifarişlərin öyrənilməsi bələdiyyəmizin fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsində, perspektiv planlarımızın hazırlanmasında böyük əhəmiyyət kəsb edir. Biz həmin sifarişləri əsasən yazılı və şifahi müraciətlər, bələdiyyə üzvlərinin və məhəllə komitələrinin iştirakı ilə keçirilən xüsusi qəbul günləri və əhalinin sıx toplaşdığı yerlərdə görüşlər vasitəsilə öyrənirik.

Vətəndaşların sosial sifarişləri əsasında təhsil və səhiyyə müəssisələrinin saxlanması, içməli su təchizatı, qəsəbədaxili yolların təmiri və yerli ekoloji məsələlərin həllinə dair layihələr həyata keçirilir. İndi yeni sosial əhəmiyyətli layihələrin icrasına başlamışıq. Milli assosiasiyalarımızın irəli sürdüyü yeni təşəbbüslər bizə yeni fəaliyyət istiqamətləri seçməyə imkan verir. Biz bundan sonra da seçicilərimizin sosial sifarişlərinə diqqətlə yanaşacaq və fəaliyyətimizi birgə qurmağa çalışacağıq.

“Vətəndaşların yerli özünüidarəetmədə iştirakının və marağının artırılması” mövzusunda məruzə edən Samux rayonu Qarabağlar bələdiyyəsinin sədri Sveta Aslanova ölkəmizin başçısı İlham Əliyevin Samuxa səfərindən sonra görülən işlərdən, aparılan tikinti-quruculuq işlərindən söz açdı və dedi ki, ölkənin bütün bölgələri kimi, rayonumuz gündən-günə yeniləşir, müasirləşir və inkişaf edir. Bu inkişafda Samux bələdiyyələrinin, o cümlədən Qarabağlar bələdiyyəsinin də öz payı vardır.

Bildirildi ki, son illər bir neçə sosial yönümlü yerli əhəmiyyətli layihələr həyata keçirilmiş, kənddaxili yollar, sıradan çıxmış qaz xətləri təmir edilmiş, ictimai nəqliyyat üçün yeni avtomobil dayanacaqları inşa olunmuş, körpülər salınmış, əhalinin gediş-gəlişi və nəqliyyatın hərəkəti üçün normal şərait yaradılmışdır. Kənd əhalisinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıq olduğundan, bələdiyyə torpaqları ailə-kəndli təsərrüfatlarının icarəsinə verilir.

Mingəçevir bələdiyyəsinin sədri Cavanşir Yusifov bələdiyyənin fəaliyyətində yerli iqtisadi potensialdan istifadə edilməsi barədə danışdı və bildirdi ki, bu gün Azərbaycan qüdrətli dövlətə çevrilmiş, ictimai-siyasi sabitlik qorunub saxlanılmış, qeyri-neft sektoru inkişaf etmiş, sosial tərəqqiyə, vətəndaş həmrəyliyinə, insan hüquq və azadlıqlarının təminatına xidmət edən kompleks tədbirlər həyata keçirilmişdir. Bu inkişaf fonunda yerli özünüidarəetmə orqanları da formalaşmış, təkmilləşmiş və möhkəmlənmişdir.

Son üç ildə Mingəçevirdəki 3 parkda yenidənqurma işləri aparıldığını bildirən bələdiyyə sədri demişdir ki, bir yeni park salınmış və şəhər icra hakimiyyəti ilə birgə 20 nümunəvi məhəllə yaradılmışdır. Bələdiyyəmiz öz iqtisadi potensialı hesabına tədbirləri ardıcıl davam etdirmək, işlərin daha keyfiyyətli, münasib qiymətə başa gəlməsi, yerli resurslardan səmərəli istifadə olunması üçün müxtəlif təyinatlı xidmət sahələri yaratmışdır. Yerli büdcənin gəlirlərini artırmaq üçün fiziki şəxslərdən torpaq, əmlak vergilərinin, mehmanxana ödənişlərinin, avtomobil dayanacaqları üzrə rüsumların, bələdiyyə əmlakının özəlləşdirilməsi və icarəsindən daxilolmaların təmin edilməsinə xüsusi diqqət yetirir.

Cəlilabad rayonu Babalı bələdiyyəsinin sədri Xasay Feyziyev bələdiyyənin fəaliyyətində şəffaflığın əhəmiyyəti barədə danışdı və dedi ki, bu gün ölkəmizdə uğurla həyata keçirilən sosial-iqtisadi islahatlar, regionların inkişafı ilə bağlı əldə edilmiş nailiyyətlər, reallaşdırılan irimiqyaslı layihələr Prezident İlham Əliyevin rəhbərliyi altında məqsədyönlü, sistemli və ardıcıl şəkildə davam etdirilir. Bu tərəqqi hər bir sahədə olduğu kimi, yerli özünüidarəetmə institutunun, bütövlükdə vətəndaş cəmiyyətinin demokratik prinsiplərlə inkişafında da özünü əyani şəkildə göstərir. Bələdiyyə mülkiyyətinin idarə edilməsində, qərar qəbulu prosesində, yerli büdcələrin tərtibi, təsdiqi və icrasında bələdiyyələrə müstəqilliyin verilməsi yerli əhəmiyyətli sosial, iqtisadi və ekoloji layihələrin həyata keçirilməsinə şərait yaradır.

Bugünkü toplantı yerli özünüidarəetmə qurumlarının inkişafına əhəmiyyətli dərəcədə təsir göstərərək, vətəndaş cəmiyyətinin formalaşmasında, yerli əhəmiyyətli layihələrin həllində və bələdiyyələrin gələcək fəaliyyətində böyük rol oynayacaqdır. Rayonun ictimai-siyasi həyatında bələdiyyələrin iştirakına, milli assosiasiyalarla və müvafiq icra orqanları ilə qarşılıqlı-birgə fəaliyyətimizin təşkilinə həsr edilmiş seminarlar, müşavirələr təcrübəmizin zənginləşməsində mühüm rol oynayır.

Sosial məsələlərin həllində bələdiyyənin rolundan danışan Xaçmaz rayonu Xudat bələdiyyəsinin sədri Elman Allahyarov vurğuladı ki, son dövrlərdə rayonda bir çox sosial məsələlər həll edilmiş, geniş tikinti-quruculuq, abadlıq işləri aparılmış, Xaçmaz gözəl bir şəhərə çevrilmişdir. Təhsil, səhiyyə, mədəniyyət, idman və sosial obyektlərin tikintisi sahəsində layihələr uğurla həyata keçirilmiş, çoxlu sayda yeni iş yerləri açılmışdır. Bütün bu nailiyyətlərə görə xaçmazlılar ölkəmizin başçısı İlham Əliyevə minnətdardırlar. Rayonumuzun inkişafında bələdiyyələrimiz də fəal iştirak edirlər.

Diqqətə çatdırılmışdır ki, 15 bələdiyyə səhiyyə sahəsində işləri tam həyata keçirmiş, 6 bələdiyyədə isə işlərin icrası davam etdirilir. Müqtədir və Nabran bələdiyyələrinin tikib istifadəyə verdiyi həkim-ambulatoriya binaları, Qarabağ-Buduq, Cığatay, Ağaverdioba, Ağaşirinoba və digər bələdiyyələrin inşa etdiyi feldşer-mama və tibb məntəqələri əhali tərəfindən rəğbətlə qarşılanmışdır. Bələdiyyəmiz milli assosiasiyaların “Bir bələdiyyə - azı bir layihə” təşəbbüsü çərçivəsində həyata keçirdiyi işləri davam etdirərək, ilin sonunadək əhalinin sosial sifarişlərindən irəli gələn bir neçə layihənin icrasını başa çatdıracaqdır.

Tovuz rayonu Dönük Qırıqlı bələdiyyəsinin sədri Nurəddin Nağıyev vətəndaşların sosial sifarişlərinin öyrənilməsi və həllində bələdiyyələrin iştirakı barədə danışdı. Bildirildi ki, Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə yaradılan ictimai-siyasi sabitlik, demokratik şərait, bələdiyyələrin inkişafına göstərilən qayğı onların işgüzarlığını və məsuliyyətini daha da artırır. Bələdiyyələr gündən-günə inkişaf edir, möhkəmlənir, yerli əhəmiyyətli məsələlərin həllində daha inamla iştirak edir, əhalinin bu proseslərə cəlb edilməsində fəallıq göstərirlər.

Vurğulandı ki, “Azərbaycanda yerli demokratiya həftəsi” ərzində Tovuz rayonu üzrə görüşlərdə 9500 nəfərdən artıq sakin iştirak etmiş, bələdiyyənin fəaliyyətinə dair 277 təklif irəli sürülmüş, onlar ümumiləşdirilmiş, icrası üçün tədbirlər planı hazırlanmış və bir çoxu həyata keçirilmişdir. 2007-ci ildə bələdiyyələrin milli assosiasiyalarının “Bir bələdiyyə - azı bir layihə” təşəbbüsünə hamılıqla qoşulan Tovuz rayonunda fəaliyyət göstərən 62 bələdiyyənin 17-sinin həyata keçirdiyi layihələr məhz əhalinin sosial sifarişləri ilə bağlı olmuşdur. Tovuz bələdiyyələri bundan sonra da qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün əzmlə çalışacaqlar.

Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin

eksperti Ouen Masters çıxış etmişdir. Yerli özünüidarəetmənin Azərbaycan modelinin Konqres tərəfindən maraqla izləndiyini qeyd

edən O.Masters bu istiqamətdə işin uğurla davam etdirilməsi məqsədi ilə beynəlxalq təcrübədən istifadənin, xarici mütəxəssislərin rəyinə diqqət yetirilməsinin vacibliyini vurğulamışdır. Azərbaycan bələdiyyələrinin şəhər, qəsəbə və kənd milli asosiasiyalarının yaradılmasını irəliyə doğru atılmış uğurlu addım adlandıran natiq, ötən il bu assosiasiyaların Əlaqələndirmə Şurasının yaradılmasını müsbət hal kimi yüksək dəyərləndirmişdir.

Bununla yanaşı, bələdiyyə idarəetməsində maliyyə müstəqilliyi və vergilərin yığılmasında səlahiyyət məhdudiyyətlərinin olduğu da qeyd olunmuşdur. O.Masters əmin olduğunu bildirmişdir ki, Prezidentin İcra Aparatının, Ədliyyə Nazirliyinin və bələdiyyə assosiasiyalarının birgə səyi ilə bu çatışmazlıqlar aradan qaldırılacaqdır.

“Bir bələdiyyə - azı bir layihə” təşəbbüsünü yüksək qiymətləndirən natiq, bu layihə çərçivəsində həyata keçirilmiş işlərlə şəxsən tanış olduğunu, həmin təşəbbüsü yüksək qiymətləndirdiyini nəzərə çatdırmış, eyni zamanda Azərbaycan nümayəndə heyətinin Konqresin işində də fəal iştirak etdiyini vurğulamışdır.

Səfərinin nəticəsi ilə bağlı Konqresə hesabat təqdim edəcəyini bildirən O.Masters, məruzədə Azərbaycan bələdiyyələrinin son 2 ildə qazandığı uğurlara xüsusi yer verəcəyini, bu nailiyyətlərlə yerində tanış olmaq üçün xüsusi nümayəndə heyətinin respublikamıza səfərinin təşkil edilməsi təklifini irəli sürəcəyini bildirmişdir.

Toplantıda çıxış edən ədliyyə nazirinin müavini Vilayət Zahirov tədbirin əhəmiyyətini yüksək qiymətləndirərək, bələdiyyələrlə bağlı qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində son illər görülmüş işlərdən danışmışdır. Bildirilmişdir ki, həyata keçirilmiş tədbirlər nəticəsində yerli özünüidarəetmə strukturlarının işi xeyli təkmilləşmiş, qanunvericiliyə əməl edilməsi, şəffaflığın və aşkarlığın təmin olunması sahəsində uğurlar qazanılmışdır. Prezident İlham Əliyevin təsdiq etdiyi regionların sosial iqtisadi inkişafı Dövlət Proqramı və digər proqramların icrası yerli özünüidarəetmə orqanlarının işində prioritet istiqamətlərin müəyyən edilməsinə mühüm təsir göstərmişdir.

Bələdiyyə üzvlərinin bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədilə Ədliyyə Nazirliyi tərəfindən kursların, treninqlərin, seminarların təşkil edildiyi, metodiki xarakterli nəşrlərin çap edilərək bələdiyyələrə paylandığı diqqətə çatdırılmışdır.

Azərbaycan Respublikası Prezidenti İcra Aparatının rəhbəri, akademik Ramiz Mehdiyev toplantıda çıxış etmişdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

15 İyun siyasi iradənin bərpası, planlı inkişafın və uzunmüddətli strategiyanın başlanğıcıdır – ŞƏRH

Atletika üzrə Azərbaycan çempionatına yekun vurulub

Azərbaycan atleti Nazim Babayev karyerasını bitirib

Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq

Elm və təhsil naziri azad Kəlbəcərin ilk məzununun "Son zəng" tədbirində iştirak edib

TADDEF sədrinin müavini: Türkiyədə Heydər Əliyevin xatirəsini sevgi və ehtiramla anırlar

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub

İstedadlı şagirdlərimiz riyaziyyat və məntiq üzrə ASPIRE olimpiadasının qalibi olublar

“Köklərdən inkişafa doğru”: Bakıda “Nine Senses Fest – 2026” festivalı davam edir

Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas edildiyi tarix kimi xalqımızın yaddaşında əbədi yaşayacaq – ŞƏRH

Otuz üç ildən sonra Horovluda “Son zəng” çalınıb

Qazax-Tovuz regionunda 6678 şagird məzun olub

YAP Sədrinin müavini ilə Ulusal Birlik Partiyasının Sədri arasında görüş olub

Paytaxt məktəblərində “Son zəng” tədbirləri təşkil olunub

“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Şəkidə Milli Qurtuluş Günü ilə əlaqədar tədbir təşkil olunub

BŞTİ-nin rəhbərliyi məzunları təbrik edib

Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib

“Türkiyənin Süni İntellekt üzrə 2026-2030-cu illər üçün Fəaliyyət Planı” açıqlanıb

Mil-Muğan regionu üzrə 4841 şagird məzun olub

Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub

Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib

Qaxda sərbəst güləş üzrə turnirdə 40 yeniyetmə idmançı mübarizə aparıb

Laçın şəhər məktəbində “Son zəng” sevinci: 11 şagird məzun oldu

Türk ölkələrinin gəncləri Almatıda ekoloji aksiya keçiriblər

Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günlərinin açılışı olub

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR VİDEO

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR VİDEO

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Lənkəran və Astara məktəblərində “Son zəng” çalınıb

Bu il 193 nömrəli tam orta məktəbdən 120 şagird məzun olub

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib VİDEO

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib VİDEO

Şəki şəhər Kimya-biologiya təmayüllü liseyin məzunları “Son zəng”in sevincini yaşayıblar

İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib

Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub VİDEO

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub VİDEO

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstelin iştirakı ilə mətbuat konfransı təşkil olunub

Vüqar Rəhimzadə: Qurtuluşdan başlanan yol Azərbaycanı yeni zirvələrə və qələbələrə aparacaq

Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib

Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb

Azərbaycan Universitetində Milli Qurtuluş Günü qeyd olunub

Ünal Üstel: Azərbaycanda ortaq mədəniyyətimiz və gələcəyimiz naminə çalışırıq

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb VİDEO

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb VİDEO

Bakıda “RobotChallenge 2026” texnologiya yarışı start götürüb

Ağdam məktəbinin builki tək məzunu: Öz ata-baba yurdumda məzun olmaq böyük qürurdur VİDEO

Ağdam məktəbinin builki tək məzunu: Öz ata-baba yurdumda məzun olmaq böyük qürurdur VİDEO

Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub

Ağcabədidə tam orta təhsil səviyyəsini bitirən 1466 məzun üçün “Son zəng” çalınıb

Avropa İttifaqı Ukrayna və Moldova ilə üzvlük danışıqlarına başlayır

Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb

Son illərdə ölkədə qan donorlarının sayı davamlı şəkildə artır VİDEO

Son illərdə ölkədə qan donorlarının sayı davamlı şəkildə artır VİDEO

Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq

Ağdam şəhərində 33 il sonra “Son zəng” çalınıb

Milli Qurtuluş Günü müasir Azərbaycanın siyasi, iqtisadi və ideoloji dayağıdır - ŞƏRH

Bu il 102 nömrəli tam orta ümumtəhsil məktəbindən 150 şagird məzun olub VİDEO

Bu il 102 nömrəli tam orta ümumtəhsil məktəbindən 150 şagird məzun olub VİDEO

Birol Küle: Türk dövlətləri son illərdə iqtisadi inkişaf nümayiş etdirirlər VİDEO

Birol Küle: Türk dövlətləri son illərdə iqtisadi inkişaf nümayiş etdirirlər VİDEO

Nazir müavini: Gənclərin texnologiyaların yalnız istifadəçisi deyil, həm də yaradıcısı olmağını istəyirik

Türkiyə millisi dünya çempionatında mübarizəyə başlayır

Bu saata olan əsas xəbərlər

Ankarada “Səda” musiqi kurslarının hesabat konserti təşkil edilib

Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlza

Füzuli şəhər məktəbində “Son zəng” sevinci VİDEO

Füzuli şəhər məktəbində “Son zəng” sevinci VİDEO

Muxtar respublikanın təhsil naziri: Naxçıvan məktəblərində təmayül tədris modeli tətbiq olunacaq VİDEO

Muxtar respublikanın təhsil naziri: Naxçıvan məktəblərində təmayül tədris modeli tətbiq olunacaq VİDEO

Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub VİDEO

Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub VİDEO

ÜST Ümumdünya Qan Donoru Günü ilə bağlı hesabat hazırlayıb

Şimal bölgəsində 6 minə yaxın şagird məzun olub - FOTOLAR

Azad edilmiş ərazilərdə 47 müəssisədə əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri aparılıb

Azərbaycan və Bolqarıstan enerji sahəsində əməkdaşlığı genişləndirir

Qarabağ və Şərqi Zəngəzurda iki yeni qan bankı fəaliyyət göstərəcək

Ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti davam edir – FAKTİKİ HAVA

Şuşada Türk Dövlətləri Rəqabət Forumu: Regional inteqrasiyada yeni mərhələ - YENİLƏNİB VİDEO

Şuşada Türk Dövlətləri Rəqabət Forumu: Regional inteqrasiyada yeni mərhələ - YENİLƏNİB VİDEO

TDT-yə üzv və müşahidəçi ölkələrin ümumi ÜDM-i 2,4 trilyon ABŞ dollarını ötüb

TDT-yə üzv dövlətlərlə qarşılıqlı investisiyaların həcmi 40 milyard dollara yaxındır

Paytaxtdakı 6 nömrəli məktəb-liseydən 144 nəfər məzun olur VİDEO

Paytaxtdakı 6 nömrəli məktəb-liseydən 144 nəfər məzun olur VİDEO

Azərbaycan qəhrəman ukraynalı uşaqlara yardım edib VİDEO

Azərbaycan qəhrəman ukraynalı uşaqlara yardım edib VİDEO

TDT-yə üzv ölkələrin rəqabət orqanları arasında qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi strateji əhəmiyyət kəsb edir

2025-ci ildə Azərbaycanın TDT dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 7,3 milyard ABŞ dolları olub

Elnur Bağırov: TDT-yə üzv ölkələrin əməkdaşlıq təşəbbüsləri Qarabağın və Şərqi Zəngəzurun dirçəlişinə töhfə verir

AZAL Naxçıvana uçuşları bərpa edib

Elm və təhsil naziri Gəncədə "Son zəng" mərasiminə qatılıb

İlin 5 ayı ərzində donor sayı 50 mindən artıq olub

FHN çimərliklərdə təhlükəsizlik qaydaları ilə bağlı əhaliyə müraciət edib

Qəbələdə Milli Qurtuluş Gününə dair məktəbdə görüş: Müstəqilliyimizin Heydər Əliyev strategiyası

Balakəndə yaş barama tədarükünə başlanılıb - artıq kümçülər 2 ton barama təhvil verib

Neftçilər Milli Qurtuluş Gününü qeyd ediblər

Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan gün - ŞƏRH

İyunun 13-ü Beynəlxalq Albinizm haqqında Məlumatın Yayılması Günüdür

ABŞ Avropadakı qırıcı təyyarələrinin üçdəbirini geri çəkməyi planlaşdırır

Milli Qurtuluş Günü xalqımızı nicata aparan dönüş nöqtəsi oldu

Cari ildə tədris prosesində iştirak edən müəllimlərin sayı açıqlanıb

Tramp “Tren de Aragua” təşkilatının liderinin öldürüldüyünü açıqlayıb

ABŞ millisi dünya çempionatına qələbə ilə başladı

ABŞ Mərkəzi Komandanlığı Hörmüz boğazında İrana məxsus kamikadze dronlarını vurub

Azərbaycan məktəblərində “Son zəng” sədaları VİDEO

Azərbaycan məktəblərində “Son zəng” sədaları VİDEO

Qusarın Avaran kəndində 384 ev mərkəzləşdirilmiş içməli su şəbəkəsinə qoşulub

İran XİN: Tehran Vaşinqtonla memorandumun razılaşdırılmasının son mərhələsindədir

Dünyanın ən təhlükəli 7 vulkanı

Konqo Demokratik Respublikasında “Ebola” virusundan ölənlərin sayı 139 nəfərə çatıb