AZƏRBAYCAN RESPUBLİKASI XARİCİ İŞLƏR NAZİRLİYİ MƏTBUAT KATİBİNİN ŞƏRHİ
Biz həmin şərhin mənəvi və peşə etikası cəhətlərinə varmaq istəməzdik. Belə ki, onun ahəngi yüksək vəzifəli dövlət məmuruna, xüsusən də diplomata, sözsüz ki, yaraşmır. Buna baxmayaraq, biz Ermənistan xarici siyasət idarəsi başçısının müsahibəsində gen-bol yer almış böhtanları və yalan faktları nəzərdən qaçıra bilmərik.
Azərbaycan Dağlıq Qarabağ regionunun tarixi mənsubiyyəti barədə Ermənistanın əsassız və uydurma bəyanatlarına dəfələrlə tarixi dəlil-sübutlara əsaslanan cavablar vermişdir. Bu cür fikirlərə bir daha cavab verməyi lazım bilməyərək, nəzərə çarpdıraq ki, Ermənistandan fərqli olaraq, Azərbaycan uydurmalara deyil, faktlara əsaslanır və özünün haqlı olduğuna dair təkzibedilməz sübutları istənilən beynəlxalq səviyyədə təqdim etməyə hazırdır.
Ermənistan naziri Ki Uest danışıqlarını saxtalaşdırmağa növbəti dəfə cəhd göstərir və guya hər iki tərəfin razılaşdığı hansısa yeganə varianta - Qarabağın Azərbaycanın tərkibində olmayacağı barədə istinad edir.
Azərbaycan tərəfi dəfələrlə bəyan etmişdir və biz bu gün V.Oskanyana öz inadkarlığını tətbiq etməyə daha yaxşı yer tapmağı və Ki Uest danışıqları ilə bağlı oyunlara son qoymağı növbəti dəfə təklif edərək deyirik ki, Ki Uest görüşü nəticəsində heç bir razılaşma əldə olunmayıbdır. Təbii ki, bu görüşdə müəyyən təkliflər müzakirə edilmişdir. Lakin, əgər müzakirə faktının özü Ermənistanın xarici işlər nazirini guya Azərbaycanın hansısa təkliflərlə razılaşdığı barədə adi məntiqdən uzaq olan bu cür fikir söyləməyə gətirib çıxarmışsa, onda biz hər hansı digər halda deyə bilərdik ki, bu, onun problemidir. Təəssüf ki, Ermənistan nazirinin artıq adi hal almış bu cür iddiaları danışıqlar prosesinə olduqca mənfi təsir göstərir.
O, Azərbaycanı danışıqların guya razılaşmalardan yayınan iştirakçısı kimi qələmə verməyə daim cəhd göstərərək, ölkəmizin nüfuzuna xələl gətirməyə can atır, halbuki məhz Ermənistan cəzasız qalaraq, əldə olunmuş razılaşmaları pozmaqda “qeyri-adi bacarıq” nümayiş etdirir.
1997-ci il oktyabrın 10-da Strasburqda Ermənistanın keçmiş prezidenti L.Ter-Petrosyan və Azərbaycanın lideri H.Əliyev münaqişənin mərhələli yanaşma əsasında həllinə dair həmsədrlərin təklifini qəbul etmişdilər. Bu təklifdə birinci mərhələdə işğalçı qüvvələrin Azərbaycan rayonlarının ərazisindən çıxarılması nəzərdə tutulurdu. Lakin Ermənistandakı radikal, militarist əhval-ruhiyyəli dairələrin buna reaksiyasını çox gözləmək lazım gəlmədi və onların təşkil etdikləri hərəkətlər nəticəsində və təzyiq qarşısında L.Ter-Petrosyan prezident vəzifəsindən uzaqlaşdırıldı, Strasburq bəyanatı isə “müvəffəqiyyətlə” gömüldü.
Biz nizamasalma prosesinin digər mərhələsini də xatırlayırıq. Həmin mərhələdə Ermənistan Prezidenti R.Koçaryan Ermənistan ərazisinin bir hissəsinin Azərbaycana verilməsinə dair variantdan istifadə edilməsinə prinsipial razılıq vermişdi. Amma sonra, bir növ, gözlənilmədən, Ermənistan parlamentində deputatlar güllələndi və R.Koçaryan daxili siyasi vəziyyətin mürəkkəbləşdiyini bəhanə gətirərək, bu razılaşmadan uzaqlaşdı.
Məgər bu faktlar sübut deyilmi ki, danışıqlardakı bəyanatların ictimaiyyət üçün çıxışların məzmunu ilə uyğun gəlməməsi, günahı başqasında görmək, Azərbaycanı təqsirləndirməyə çalışmaq məhz Ermənistan tərəfi üçün səciyyəvidir?
Ermənistanın xarici işlər naziri öz müsahibəsində bildirir ki, Azərbaycan asan yolla getməyə çalışır, lakin biz hesab edirik ki, mərhələli nizamasalma asan yol deyildir, əksinə, yeganə mümkün və real yoldur. Azərbaycan öz torpağının bir qarışından da keçməyəcək və qələbə xülyası ilə öz başını gicəlləndirən Ermənistan tərəfi bilməlidir ki, baş vermiş fakt beynəlxalq hüququ təftiş etməyə əsas vermir, nə Azərbaycan dövləti, nə də bütün dünya birliyi dövlətin ərazisinin bir hissəsinin işğalını tanımayacaqdır. Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü, habelə beynəlxalq sərhədlərin toxunulmazlığını və ərazilər əldə etmək üçün güc tətbiqinin yolverilməzliyini təsdiqləyən BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi məgər buna kifayət qədər inandırıcı misal deyilmi? Münaqişənin nizama salınması prinsipləri barədə ATƏT-in o vaxtkı sədrinin 1996-cı ildə ATƏT-in Lissabon zirvə toplantısında verdiyi bəyanatı da xatırlamamaq olmaz. Bu bəyanatı təklikdə qalan Ermənistan istisna olmaqla, ATƏT-in bütün üzvləri dəstəkləmişdilər. Dünya dövlətləri liderlərinin və beynəlxalq təşkilatların nümayəndələrinin indiki bəyanatları növbəti dəfə aydın nümayiş etdirir ki, dünya birliyi öz mövqeyində və hərəkətlərində ardıcıldır.
Azərbaycan Respublikası münaqişənin beynəlxalq hüquq normalarına və prinsiplərinə riayət olunması əsasında nizama salınması mövqeyini qətiyyətlə və ardıcıl şəkildə müdafiə edir. Biz, Ermənistan nazirinin iddia etdiyi kimi, Qarabağ məsələsinin həllinin başqa vaxta keçirilməsinin və bunun gələcək nəsillərə saxlanılmasının tərəfdarı deyilik, əksinə, ona tərəfdarıq ki, azərbaycanlıların və ermənilərin elə indiki nəsli Azərbaycan Respublikasının tərkibində Dağlıq Qarabağ bölgəsində dinc qonşuluq şəraitində yaşasın və qabaqcıl demokratiyaların müvafiq hüquq normalarına əsaslanaraq, müstəqilliyin müəyyən səviyyəsinə malik olsun.
Biz bir daha xatırladırıq ki, Dağlıq Qarabağ ərazisi kompromis obyekti ola bilməz, o, Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsidir. Lakin bölgənin statusu ilə bağlı kompromis axtarışlarından danışmaq lazımdır. Burada biz yeni heç bir şey irəli sürmürük, sərəncamımızda özünüidarənin zəngin və faydalı Avropa təcrübəsi var. Başqa cür yanaşma heç də təkcə çoxmillətli Cənubi Qafqaz üçün deyil, digər regionlar üçün də nəticələrini əvvəlcədən söyləmək çətin olan təhlükəli meyillərə təhrik edir.
Cənab V.Oskanyanı bu sonuncu nəzakətsiz bəyanat verməyə vadar edən səbəbləri başa düşməyə çalışaraq, çox böyük əminliklə güman edə bilərik ki, mümkün şəxsi və daxili siyasi səbəblərlə yanaşı, bu bəyanatın arxasında Praqa görüşlərində əldə olunmuş müəyyən irəliləyişləri pozmaq məqsədi durur. Bizə isə ancaq təəssüflənmək qalır ki, cənab V.Oskanyan bu bəyanatı ilə tərəfləri qarşılıqlı ittihamlara sürükləməyə çalışır, halbuki onun özü elə bu müsahibəsində konstruktivlikdən danışır.