AZƏRBAYCAN RESPUBLİKASININ BAŞ NAZİRİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə səmimi təbriklərimi qəbul edin.
Bu hadisə zamanın sınaqlarından çıxmış iqtisadi və sosial dəyişikliklər xəttinin - Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycanı son illər ərzində inamla irəlilədən xəttin xalq tərəfindən dəstəklənməsi deməkdir. Eyni zamanda, bu hadisə inandırıcı şəkildə göstərir ki, Azərbaycan cəmiyyəti sabit inkişaf siyasətinin davam etdirilməsinin uğurlarını Sizin adınızla bağlayır.
Sizə yeni Azərbaycanın qarşısında duran əzəmətli vəzifələrin həyata keçirilməsində uğurlar, o cümlədən Qarabağ probleminin ədalətli həlli sahəsində fəaliyyətinizdə böyük qüvvə və enerji arzulayıram. Sizin atanızla münasibətlərimizdə yaranmış və bu nizamasalma ilə bağlı işimdə mənə daim kömək etmiş möhkəm əlaqələrin davam etdiriləcəyinə də ürəkdən ümid bəsləyirəm.
Ən yüksək hörmətlə,
Andjey Kaspşik,
Avropada Təhlükəsizlik və Əməkdaşlıq
Təşkilatının hazırkı sədrinin şəxsi nümayəndəsi
Bakı, 16 oktyabr 2003-cü il.