AZƏRBAYCAN RESPUBLİKASININ BAŞ NAZİRİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Türksoy Beynəlxalq Təşkilatı Sizi ürəkdən salamlayaraq, seçkilərdə böyük səs çoxluğu ilə qələbə qazanmağınız münasibətilə səmimiyyətlə təbrik edir.
Prezident seçkilərinin demokratik prinsiplərə və ənənələrə uyğun şəkildə, dünya ictimayyətinin gözü önündə və nəzarəti ilə azad, sərbəst, şəffaflıq və tərəfsizlik şəraitində keçirilməsi Azərbaycan dövlətinin dünya miqyasında imicinə böyük və müsbət töhfə vermişdir.
Azərbaycan xalqının Sizin kimi cavan, dinamik, qətiyyətli və gələcəyə ümid verən bir siyasət adamını bu qədər sevgi və inamla özünə rəhbər seçməsi, eyni zamanda, müasir türk dünyasının böyük liderlərindən biri olan atanız Heydər Əliyevin siyasətinə ümumxalq etibarının aşkar təzahürüdür. Bu uzaqgörən siyasəti davam etdirmək yolunda Sizə və Azərbaycan xalqına böyük uğurlar diləyirik.
On il ərzində Türksoya ən yaxın dəstək və qayğısını əsirgəməyən möhtərəm Prezident Heydər Əliyevin yüksək münasibəti nəticəsində Azərbaycan təşkilatımızın ən fəal üzvlərindən biri olaraq fəaliyyətimizə ciddi töhfələr vermişdir.
İnanırıq ki, bu ali dövlət dəstəyi Sizin şəxsinizdə daha böyük miqyas qazanacaq, Azərbaycanın zəngin mədəni irsinin tanıdılmasına xidmət edəcəkdir.
Yüksək idarəçiliyiniz altında Azərbaycan xalqının sabitliyə, rifaha qovuşacağına, hamımızın milli dərdi olan Qarabağ probleminin ən yaxın zamanda ədalətlə həll olunacağına, regionda və dünyada sülhün qorunmasında mühüm rol oynayacağınıza ürəkdən inanırıq.
Bu duyğularla Sizi və düzgün qərar vermiş bütün Azərbaycan xalqını bir daha təbrik edir, ən dərin hörmətimizi bildiririk.
Türksoy Təşkilatının Baş müdirliyi
Ankara, 17 oktyabr 2003-cü il.