AZƏRBAYCAN RESPUBLİKASININ BAŞ NAZİRİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Hörmətli İlham Heydər oğlu! Yüksək vəzifəyə - Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizə və Sizin simanızda bütün Azərbaycan xalqına ən səmimi və ürəkdən gələn təbriklərimi göndərməyə şadam. Atanızın - zəmanəmizin görkəmli dövlət və siyasi xadimi Heydər Əliyevin sınaqlardan çıxmış və ölçülüb-biçilmiş siyasi xəttinin varisi olaraq məhz Sizin namizədliyinizin xalq tərəfindən geniş dəstəkləndiyini nümayiş etdirən seçkilərin yekunlarından Dağıstanda xüsusi məmnunluq duyurlar. İcazə verin, əmin olduğumu bildirim ki, Dağıstan (Rusiya) və Azərbaycan xalqlarını əsrlər boyu birləşdirmiş və birləşdirən əsl dostluq, sıx mehriban qonşuluq və qarşılıqlı etimad ənənələri Qafqazda sülh, sabitlik və təhlükəsizlik naminə bundan sonra da hər vasitə ilə möhkəmləndiriləcəkdir. Cənab Baş nazir, Sizə yeni məsul vəzifənizdə səmərəli iş, Azərbaycan xalqına isə tərəqqi və inkişaf arzulayıram. Ən yüksək hörmətlə, Xizri Şıxsəidov, Dağıstan hökumətinin sədri. Mahaçqala, 20 oktyabr 2003-cü il.