AZƏRBAYCAN RESPUBLİKASININ BİRİNCİ XANIMIMEHRİBAN ƏLİYEVANIN ABŞ-A İŞGÜZAR SƏFƏRİ BAŞA ÇATMIŞDIR
Karen Hyuz Heydər Əliyev Fondu tərəfindən görülən işləri yüksək qiymətləndirdi və bunun Azərbaycanın gələcək inkişafı üçün böyük əhəmiyyət kəsb etdiyini vurğuladı. O, Azərbaycanın dini azadlığa hörmət edilməsi baxımından nümunəvi ölkə olduğunu bildirdi və 2007-ci ildə İslam Konfransı Təşkilatı tərəfindən Bakıda “Dözümlülüyün təbliğ olunmasında kütləvi informasiya vasitələrinin rolu” mövzusunda keçiriləcək konfrans ilə maraqlandı. Bu konfransın Azərbaycanda keçirilməsinin ölkəmiz üçün mühüm olduğunu qeyd edən Mehriban xanım Karen Hyuzu bu tədbirə dəvət etdi.
Mehriban Əliyeva ABŞ dövlət katibinin demokratiya və qlobal məsələlər üzrə müavini Paula Dobryanski ilə görüşmüşdür. Görüşdə ümumi təhlükələr, xüsusilə quş qripi xəstəliyinin qarşısının alınması istiqamətində iki ölkənin əməkdaşlığı məsələləri müzakirə edildi və xanım Dobryanski bu işdə ölkəsinin Azərbaycana hərtərəfli kömək göstərməyə hazır olduğunu bildirdi. Ölkələrimiz arasında iqtisadi və təhlükəsizlik məsələləri üzrə işçi qruplarının fəaliyyət göstərdiyini qeyd edən Paula Dobryanski həmçinin demokratiya və insan hüquqları məsələləri üzrə də müzakirələrin keçirilməsinin zəruriliyinə toxundu. O, Azərbaycanın müasir dünyəvi dövlət kimi Qərblə İslam aləmi arasında körpü rolunu oynaya biləcəyini bildirdi.
Azərbaycanda tam dini və etnik tolerantlığın mövcud olduğunu qeyd edən Mehriban Əliyeva YUNESKO və İSESCO-nun xoşməramlı səfiri kimi bu istiqamətdə bütün təkliflərə açıq olduğunu vurğuladı. Görüş zamanı Azərbaycanın birinci xanımı ölkəmizdə demokratik təsisatların daha da təkmilləşdirilməsi üçün görülən tədbirlər barədə də danışdı.
Mehriban xanım Əliyevanın ABŞ-a işgüzar səfəri başa çatmışdır.