AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ CƏNAB HEYDƏR ƏLİYEVƏ
Möhtərəm Heydər Əlirza oğlu!
Sizin avqust ayının 13-dəki bəyanatınızı böyük razılıq hissi ilə qarşıladıq. Tarixi haqqımız olan azadlığımızı şanlı mübarizələrlə, ağır itkilərlə, ən başlıcası, milli-mənəvi, əxlaqi dəyərlərə sadiqliklə qazanmışıq. Fərdi mənafeyini xalq və dövlət marağından üstün tutan ayrı-ayrı şəxslər, qüvvələr müstəqilliyi insanları manqurtlaşdırmaq üçün bazaya çevirməyə cəhdlər göstərirlər. Məhz belələrinin sayəsində Prezident də, Şeyxülislam da, ziyalı da, ağsaqqal-qarasaqqal da, adi vətəndaş da təhqir olunur. Bütün Qafqaz müsəlmanlarının Şeyxinin təhqir edilməsini biz dinimizin təhqir olunması kimi birmənalı şəkildə pisləyirik.
Söz azadlığı böyük nailiyyət olsa da, etik prinsiplərdən, milli mentalitetin normalarından üstün deyildir. Meyarların bilərəkdən nəzərə alınmaması, yaxud da unudulması ona gətirib çıxarıb ki, etnik-milli varlığımızın, şüurumuzun və mənəvi yaddaşımızın formalaşmasında, qorunub saxlanılmasında əvəzsiz xidmətləri olan söz və sənət xadimlərimiz - M.Füzuli, C.Məmmədquluzadə, S.Vurğun, R.Rza... kimi klassiklər, qadın yazarlarımız, hazırda yazıb-yaradan şair, yazıçı, alim, bəstəkar, rəssam, aktyor və rejissorlar... böhtan və iftiralara məruz qalırlar. Bəyanatınızın bir əhəmiyyəti də ondadır ki, Siz Şeyxin təhqir olunmasını pisləməklə təhqir olunanların hamısını, o cümlədən, ədəbiyyatımızın haqsız böhtan və iftiralar yağdırılan böyük klassiklərini müdafiə edirsiniz, bu tipli ayrı-ayrı dözülməz, mənfi halların cəmiyyətdə normaya çevrilməsinin əleyhinə etirazınızı bildirirsiniz.
Biz xidmətlərindən asılı olmayaraq toxunulmaz kultu yaratmağın tam əleyhinəyik. Analitik tənqidi yazılara, elmi dəlillərə söykənən araşdırmalara bu gün həmişəkindən daha çox ehtiyac var. Biz nadan, savadsız, əxlaqını cibi və iştahı müəyyənləşdirən şəxslərin, qüvvələrin söz reketçiliyinin, milli mənəviyyat dəllallığının əleyhinəyik.
Əyləncə lazımdır. Amma əyləncə adı altında əxlaqsızlıq, zorakılıq, qəddarlıq, imansızlıq, manqurtlaşma təbliğ olunması yolverilməzdir. Söz azadlığı anarxiya, təhlil böhtan, tənqid isə təhqir deyildir.
Taleyüklü milli məsələyə vaxtında münasibət bildirmisiniz. Bəyanatınızı belə hallara qarşı həmişə güzəştsiz mübarizə aparmış söz-sənət xadimlərinə növbəti dəstək kimi qiymətləndirərək güman edirik ki, milli və dövlət maraqları əsas götürülən prinsipial mövqeyinizə görə böyük əksəriyyət bizim kimi Sizə “çox sağ olun!” deyəcəkdir.
Azərbaycan Yazıçılar Birliyinin
Katibliyi