AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ CƏNAB HEYDƏR ƏLİYEVƏ
Möhtərəm cənab Prezident!
Biz - Ermənistandan, öz ata-baba yurdlarından didərgin düşmüş, hazırda Naxçıvan Muxtar Respublikasında yaşayan azərbaycanlılar neçə illərdir Sizin böyük diqqət və qayğınızı daim öz üzərimizdə hiss edir, bizim yaşayış şəraitimizin, məişətimizin yaxşılaşdırılması, hüquqlarımızın qorunması istiqamətində verdiyiniz göstərişlər, qərarlar, Sərəncamlar, Fərmanlar hər bir qaçqın vətəndaşın ürəyincədir. Azərbaycan Respublikasının, gənc suveren dövlətin gündən-günə dirçəldilməsi, iqtisadiyyatının möhkəmləndirilməsi istiqamətində gərgin iş aparmağınıza baxmayaraq, soydaşlarımızın vəziyyətini unutmamağınızı, onlara daim qayğı və diqqət göstərmənizi biz həmişə uca tutur, yüksək qiymətləndirir və təqdir edirik.
Hörmətli Prezident!
Qaçqınlara, ata-baba yurdundan didərgin düşənlərə olan bu qayğı və diqqəti biz yalnız və yalnız Sizin müdrikliyinizlə, xalqa, Vətənə, hər bir vətəndaşa olan böyük məhəbbətinizlə, geniş ürəyinizlə bağlayırıq.
“Erməni millətçilərinin apardığı etnik təmizləmə nəticəsində Ermənistan ərazisindəki öz tarixi torpaqlarından didərgin salınmış azərbaycanlıların məskunlaşması problemlərinin həlli haqqında” imzaladığınız son Fərman biz qaçqın və didərginlərə olan böyük qayğının daha bir ifadəsidir. Bu Fərmana və orada nəzərdə tutulmuş tədbirlərə görə Naxçıvan Muxtar Respublikasında yaşayan qaçqınlar adından Sizə dərin minnətdarlığımızı bildirir və Ulu Tanrıdan Sizə möhkəm cansağlığı, uzun ömür arzulayırıq.
Naxçıvan Muxtar Respublikasında yaşayan
qaçqınlar adından:
Abbas Abbasov, Şərqiyyə Qələndərova,
Xanım Rüstəmova, Məhəddin Babayev,
Sultan Musayev, Xudayar Baxşəliyev,
Mustafa Allahverdiyev, Fənar Həziyev,
Əmrah Şadlinski, Qibləli Səmədov.