AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ CƏNAB İLHAM ƏLİYEVƏ MÜRACİƏT
Azərbaycan Respublikası Auditorlar Palatasının fəaliyyətə başlamasının 10 illiyi münasibətilə Palatanın kollektivinə və üzvlərinə ünvanladığınız təbrik məktubuna görə, auditin roluna və ölkə auditorlarının əməyinə verdiyiniz yüksək qiymətə görə Sizə sonsuz minnətdarlığımızı bildiririk.
Ümummilli liderimiz Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş və Sizin müdrik rəhbərliyiniz altında uğurla davam etdirilən yeni Azərbaycan quruculuğu siyasəti qısa zaman kəsiyi ərzində ölkəmizi bölgənin ən nüfuzlu və qüdrətli dövlətinə, dünya birliyinin bərabərhüquqlu üzvünə çevirmişdir. İqtisadiyyatın bazar prinsipləri əsasında yenidən qurulması və ölkəmizin beynəlxalq inteqrasiya proseslərinə fəal şəkildə qoşulması çox mühüm transmilli layihələrin həyata keçirilməsində Azərbaycanın iştirakı, xarici investisiyaların ölkəmizə güclü axını, qeyri-neft sektorunun və regionların sürətli inkişafı üçün əlverişli zəmin yaratmış, respublikada azad sahibkarlığın və vətəndaş təşəbbüskarlığının vüsət almasına, bunun nəticəsi kimi Vətənimizin iqtisadi təhlükəsizliyinin təmin edilməsinə, əhalinin məşğulluğunun və rifah halının əhəmiyyətli dərəcədə yüksəlməsinə səbəb olmuşdur.
Dərin iftixar hissi ilə qeyd etməyi lazım bilirik ki, sahibkarlıq fəaliyyətinin bir növü olan auditor xidməti də son on ildə böyük inkişaf yolu keçmiş və mühüm bazar infrastrukturu kimi formalaşaraq, ümumilikdə iqtisadi proseslərdə, o cümlədən iqtisadi-maliyyə münasibətlərində şəffaflığın təmin olunmasında, mütəşəkkil iqtisadi cinayətkarlığa və korrupsiyaya qarşı mübarizədə əhəmiyyətli rol oynamaqla, Azərbaycan cəmiyyətində kifayət qədər hörmət və nüfuz qazanmışdır.
Bizim üçün çox xoşdur ki, səlahiyyətli dövlət orqanlarının qərarı ilə auditor təşkilatlarımız və sərbəst auditorlarımız mühüm təftiş və yoxlamalara daha tez-tez cəlb olunur, dövlət büdcəsi vəsaitlərindən və büdcədənkənar fondların vəsaitlərindən təyinatına uyğun istifadə edilməməsi, gəlirlərin vergidən yayındırılması və digər bu kimi mənfi halların aşkara çıxarılmasında, qanunvericiliyin tələblərinə hər yerdə dəqiq əməl olunmasında dövlət nəzarəti orqanlarına yaxından kömək edirlər.
Cənab Prezident!
Sizin ölkə auditorları qarşısında qoyduğunuz vəzifələrə uyğun olaraq, Azərbaycan Respublikasının Auditorlar Palatası beynəlxalq və regional təşkilatlar, ayrı-ayrı ölkələrin audit qurumları ilə sıx əlaqə saxlayır, mütərəqqi dünya təcrübəsinin öyrənilməsi və ölkəmizin xüsusiyyətlərini nəzərə almaqla tətbiq olunması sahəsində ardıcıl iş aparır. Hazırda Auditorlar Palatası bir sıra nüfuzlu beynəlxalq və regional peşə qurumlarında respublikamızı ləyaqətlə təmsil edir. Təkcə son bir ildə Azərbaycan auditorları Türkiyə, Qazaxıstan, Litva, Latviya və bir sıra digər ölkələrin audit qurumları ilə işgüzar münasibət qurmuş, onlarla əməkdaşlıq barədə müvafiq sazişlər və niyyət protokolları imzalamışlar.
Eyni zamanda, biz yaxşı başa düşürük ki, iqtisadiyyatda bazar münasibətləri dərinləşdikcə, qloballaşma prosesləri həyatımıza daha sürətlə nüfuz etdikcə və dünya təsərrüfat sisteminə Azərbaycanın inteqrasiyası gücləndikcə iqtisadi-maliyyə münasibətlərində şəffaflığın təmin edilməsində, iqtisadi cinayətkarlığa və korrupsiyaya qarşı mübarizədə auditin imkanlarından daha geniş istifadə etmək zərurəti güclənir, audit sistemini beynəlxalq təcrübə və standartlar əsasında daim təkmilləşdirməyi, maliyyə nəzarəti sisteminin mühüm vəsilələrindən biri kimi auditor xidmətinin ölkədə iqtisadi demokratiyanın hüdudlarını genişləndirməyə və iqtisadi inkişafın perspektivlərini aşkarlamağa yönəlmiş fəaliyyətinin keyfiyyətini durmadan yaxşılaşdırmağı tələb edir.
Möhtərəm Prezident! Sizi əmin edirik ki, Auditorlar Palatasının kollektivinə və üzvlərinə ünvanladığınız təbrik məktubunu milli audit sisteminin gələcək inkişafına yönəlmiş fəaliyyət proqramı kimi qəbul edərək, bütün qüvvə və bacarığımızı qarşımıza qoyulmuş məsul vəzifələrin icrasına, ulu öndərimiz Heydər Əliyevin xalqımıza tarixi əmanəti olan müstəqil Azərbaycan Respublikasının daha da möhkəmlənməsi, zənginləşməsi və qüdrətli olması naminə sərf edəcəyik.
Müraciət Azərbaycan Respublikası
Auditorlar Palatasının fəaliyyətə
başlamasının10 illiyinə həsr olunmuş
təntənəli yığıncaqda qəbul edilmişdir
5 aprel 2006-cı il.