RƏSMİ XRONİKA
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ HEYDƏR ƏLİYEV UKRAYNA RESPUBLİKASININ PREZİDENTİ LEONİD KUÇMA İLƏ GÖRÜŞMÜŞDÜR
Leonid Kuçma dövlətimizin başçısını mehriban dost kimi salamladı. O dedi ki, Heydər Əliyevin Azərbaycanda apardığı siyasətlə daim maraqlanır və onu yüksək qiymətləndirir.
Heydər Əliyev də Leonid Kuçma ilə görüşündən razı qaldığını bildirdi, dost Ukraynanın son vaxtlar əldə etdiyi nailiyyətlərdən xəbərdar olduğunu söylədi.
Prezidentlər Qələbə bayramı münasibətilə bir-birini təbrik etdilər, İkinci Dünya müharibəsinin uğurla başa çatmasında öz xalqlarının rolundan söhbət açdılar. Onlar dedilər ki, Ukrayna və Azərbaycan xalqları həmişə bir-birinə yaxşı münasibət bəsləmiş və bu gün də bəsləyirlər. Prezidentlərin fikrincə, ölkələrimiz arasındakı əlaqələrin hazırkı vəziyyətindən razı qalmaq mümkün deyil. Çünki əməkdaşlığın möhkəmləndirilməsi üçün hər iki respublikada imkanlar çox genişdir, ötən 70 ilin zəngin təcrübəsi də bunun rəhnidir. Qeyd edildi ki, iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi üçün ayrı-ayrı müəssisələrin əvvəlki əlaqələrinin bərpasına şərait yaratmaq lazımdır. Bir sıra şirkətlər və iş adamları arasında yeni münasibətlər yaradılması və əməkdaşlığın canlandırılması üçün dövlətlərarası sazişlər imzalamağın əhəmiyyətindən də bəhs olundu.
Görüşdə Ermənistan-Azərbaycan müharibəsinin nəticələrindən və bu hərbi təcavüzün aradan qaldırılması sahəsində görülən tədbirlərdən də ətraflı söhbət getdi.