AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ HEYDƏR ƏLİYEVIN FİNLANDİYA RESPUBLİKASININ PREZİDENTİ MARTİ AXTİSAARİ İLƏ GÖRÜŞÜ
Cənab Axtisaari Budapeşt Zirvə toplantısı zamanı Heydər Əliyev ilə olan görüşünü razılıq hissi ilə xatırladığını bildirdi və Azərbaycan rəhbəri ilə yenidən görüşmək imkanından məmnun olduğunu söylədi, faşizm üzərində Qələbənin 50 illiyi münasibətilə Azərbaycan Prezidentini təbrik etdi.
Finlandiya rəhbəri ilə yenidən görüşməsindən məmnunluq duyduğunu söyləyən Heydər Əliyev də onunla Budapeştdəki görüşünü yaxşı xatırladığını dedi. O, ATƏT-in Budapeşt Zirvə toplantısında Azərbaycanla bağlı çox mühüm sənədin qəbul olunmasında prinsipial mövqe tutduğuna görə Finlandiya Prezidentinə təşəkkür etdi. Azərbaycan dövlətinin başçısı ölkələrimiz arasında tarixən dostluq əlaqələrinin mövcud olduğunu xüsusi vurğuladı.
Söhbət zamanı Ermənistan-Azərbaycan münaqişəsinin aradan qaldırılması yolları ilə bağlı məsələlərə xüsusi fikir verildi. Azərbaycan Prezidenti Finlandiya nümayəndəsinin ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri seçilməsindən razı qaldığını söylədi. Heydər Əliyev Finlandiya Prezidentinin ona göndərdiyi məktubu yüksək qymətləndirdiyini və Minsk qrupunun həmsədri cənab Niberqin başçılığı ilə Bakıya gəlmiş missiya ilə görüşdüyünün bildirdi. Azərbaycan Prezidenti cənab Niberqi təcrübəli diplomat saydığını və ümidvar olduğunu söylədi ki, Ermənistan-Azərbaycan münaqişəsinin aradan qaldırılmasında Finlandiya mühüm rol oynayacaqdır. Heydər Əliyev həmçinin əmin olduğunu qeyd etdi ki, Finlandiya nümayəndəsi Minsk qrupunun həmsədri olduğu dövrdə bu münaqişəyə son qoyulacaqdır.
Finlandiya Prezidenti Azərbaycanın daxili vəziyyəti, münaqişə zonasındakı durum və atəşkəsin davam etməsi ilə də maraqlandı. Heydər Əliyev bununla əlaqədar Findlandiya rəhbərinə ətraflı məlumat verdi.
Görüş iştirakçıları ATƏT-in, onun Minsk qrupunun hansı növbəti addımlar atmaları barədə fikir mübadiləsi apardılar. Azərbaycan Prezidenti dedi ki, biz dost ölkə kimi Finlandiyaya arxalanırıq və ümid edirik ki, Finlandiya ATƏT-in, onun Minsk qrupunun fəaliyyətinin canlandırılmasında əhəmiyyətli rol oynayacaq, bu işdə səylərini əsirgəməyəcəkdir. Heydər Əliyev əlavə etdi ki, Azərbaycan xalqı bu ağır günlərində ona dostluq əli uzadanları heç vaxt unutmayacaqdır.
Daha sonra dövlət başçıları ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsi məsələlərinin müzakirəsinə keçdilər. Heydər Əliyev qeyd etdi ki, Azərbaycan ilə Finlandiya arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlar var. Azərbaycan zəngin iqtisadi potensialı olan ölkədir. Ölkələrimiz arasında iqtisadi-ticarət, mədəni əlaqələrin genişləndirilməsi üçün hər cür zəmin var. Ölkələrimizin prezidentləri arasında yaranan şəxsi dostluq əlaqələri belə əməkdaşlığın, dövlətlərarası münasiblərlərin inkişaf etdirilməsi üçün yaxşı təkan ola bilər.
Tərəflər qarşılıqlı maraq doğuran başqa məsələlər barədə də fikir mübadiləsi apardılar.
Heydər Əliyev cənab Marti Axtisaarini Azərbaycana rəsmi səfərə dəvət etdi.