AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ HEYDƏR ƏLİYEVIN FRANSA RESPUBLİKASININ PREZİDENTİ FRANSUA MİTTERAN İLƏ GÖRÜŞÜ
Cənab Mitteran Azərbaycan Prezidentini səmimi salamladı və Avropada İkinci Dünya müharibəsinin qurtarmasının 50 illiyi münasibətilə keçirilən təntənələrdə iştirak etmək üçün onun dəvətini qəbul edərək Parisə gəldiyinə görə təşəkkürünü bildirdi. Heydər Əliyev bu dəvətə görə cənab Mitterana minnətdarlıq etdi.
Fransa Prezidenti Azərbaycan rəhbərinin ölkəyə rəsmi səfərini məmnuniyyətlə xatırladığını bildirdi. Heydər Əliyev həmin səfərin ölkələrimiz arasında əməkdaşlığın və dostluq əlaqələrinin inkişaf etdirilməsində mühüm rol oynadığını qeyd etdi. O, müstəqillik yoluna yenicə çıxmış Azərbaycan Respublikasının Fransa kimi böyük dövlətlə əməkdaşlığa ehtiyac duyduğunu və xüsusi əhəmiyyət verdiyini vurğuladı. Heydər Əliyev Fransanın biznes dairələrinin Azərbaycanda iş görməsini, iki ölkə arasında əlaqələrin geniş vüsət almasını arzuladığını söylədi.
Görüşün sonunda Fransa və Azərbaycan prezidentləri İkinci Dünya müharibəsində faşizm üzərində tarixi qələbənin 50 illiyi münasibətilə bir-birini təbrik etdilər.