AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ HEYDƏR ƏLİYEVİN KANADANIN BAŞ NAZİRİ JAN ÇRETYEN İLƏ GÖRÜŞÜ
Cənab Jan Çretyen Heydər Əliyevi salamlayaraq, onu Qələbənin 50 illiyi münasibətilə təbrik etdi və dedi ki, bu, onların ilk görüşü olmasına baxmayaraq, o, Azərbaycan Prezidentinin şəxsiyyətinə yaxşı bələddir. Ölkəmizin rəhbəri də Kanada hökumətinin başçısını əlamətdar yubiley münasibətilə təbrik etdi və onunla görüşmək imkanından razı qaldığını söylədi.
Baş nazir Azərbaycanın zəngin təbii sərvətlərə, o cümlədən neft və qaz yataqlarına malik bir ölkə olmasından xəbərdar olduğunu qeyd edərək bildirdi ki, Kanada biznesmenləri Azərbaycana investisiya qoymaq niyyətindədirlər. Heydər Əliyev dedi ki, Azərbaycan nəinki zəngin təbii sərvətlərə, eyni zamanda qədim tarixə və mədəniyyətə malik bir ölkədir.
Prezident bildirdi ki, SSRİ dağıldıqdan sonra müstəqillik qazanmış Azərbaycan Ermənistanın hərbi təcavüzü nəticəsində neçə ildir ki, müharibə vəziyyətindədir. Yeddi ildən artıq davam edən müharibənin Azərbaycana gətirdiyi bəlalardan ətraflı danışan Prezident bu çətin vəziyyətdə Kanadanın ölkəmizə yardım göstərməsini, respublikamızla əməkdaşlıq etməsini arzuladığını bildirdi. Heydər Əliyev Kanada biznesmenlərinin Azərbaycana investisiya qoymaq niyyətində olduğu barədə Baş nazirin verdiyi məlumatdan razı qaldığını söylədi.
Azərbaycan Prezidenti cənab Jan Çertyeni ölkəmizə rəsmi səfərə dəvət etdi və dedi ki, bu səfər ölkələrimiz arasında əlaqələrin genişlənməsinə təkan verərdi. Heydər Əliyev daha sonra bildirdi ki, may ayında Bakıda beynəlxalq “Xəzərneftqaz-95” sərgisi keçirmək nəzərdə tutulur. Həmin sərgidə dünyanın qabaqcıl dövlətlərinin bir çox aparıcı şirkətləri iştirak edəcəkdir. Azərbaycan rəhbəri dedi ki, onların arasında Kanada şirkətlərini də görməyə şad olardı.
Kanadanın Baş naziri Azərbaycan haqqında və regiondakı vəziyyət barədə ətraflı məlumat üçün Prezident Heydər Əliyevə təşəkkür etdi.