AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ İLHAM ƏLİYEV DÜNYA TAEKVONDO FEDERASİYASININ PREZİDENTİNİ QƏBUL ETMİŞDİR
Qonağı səmimiyyətlə salamlayan dövlətimizin başçısı ölkəmizə səfəri zamanı Çanq Von Çunun idmanın, o cümlədən taekvondonun inkişafı ilə yaxından tanış olmaq imkanı əldə edəcəyini söylədi. Azərbaycanda idmanın bu növünün inkişafına böyük diqqət yetirildiyini bildirən Prezident İlham Əliyev taekvondoçular üçün müvafiq infrastruktur yaradıldığını, ötən ilin oktyabrında müasir tələblərə uyğun taekvondo idman zalının istifadəyə verildiyini diqqətə çatdırdı.
Azərbaycanlı idmançıların koreyalı mütəxəssislərlə çox yaxşı əlaqələri olduğunu bildirən Prezident İlham Əliyev qonağın səfərinin ölkəmizin idman əlaqələrinin gələcək inkişafına xidmət edəcəyinə əminliyini ifadə etdi.
Dünya Taekvondo Federasiyasının prezidenti seçildikdən sonra ilk rəsmi səfərini Azərbaycana etdiyini söyləyən Çanq Von Çu ölkəmizdə gördüyü yüksək qonaqpərvərliyə və səmimi qəbula görə dövlətimizin başçısına minnətdarlığını bildirdi. Azərbaycanlı idmançılara, xüsusilə taekvondoçulara Olimpiya oyunlarında uğurlar arzulayan qonaq Prezident İlham Əliyevi Afinada görəcəklərindən məmnun olacaqlarını söylədi.
Görüşdə gənclər, idman və turizm naziri Əbülfəz Qarayev, Dövlət Gömrük Komitəsinin sədri, Azərbaycan Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərov iştirak edirdilər.