AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ, QARDAŞIM ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
(Allah Sizi qorusun)
Böyük məmnuniyyət hissləri ilə Zati-alilərinizə ən xoş arzularımı və səmimi qardaş salamlarımı çatdırıram. Sizə cansağlığı, səadət və uğurlar diləyirəm. Mən Sizin qardaş Azərbaycan xalqının rifahı və tərəqqisi naminə göstərdiyiniz əvəzsiz səy və xidmətləri yüksək qiymətləndirirəm. Eyni zamanda, qardaş Azərbaycan Respublikasını ziyarət etməkdən ötrü mənə ünvanladığınız dəvət məktubuna görə Zati-alilərinizə böyük səmimiyyətlə öz təşəkkürümü bildirirəm. Qeyd etmək istəyirəm ki, biz bu səfəri cari ilin avqust ayında həyata keçirmək niyyətindəyik. Səfər zamanı Zati-alilərinizlə ikitərəfli münasibətlərin müxtəlif sahələrini əhatə edən, ölkələrimiz arasında əməkdaşlığın gələcək inkişafına yönəldilmiş, Azərbaycan ilə İordaniya arasında mövcud dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi və genişləndirilməsi məsələlərinə dair məsləhətləşmələrin keçirilməsini mühüm və əhəmiyyətli hesab edirik.
Tamamilə əminəm ki, aparılacaq təcrübə mübadiləsi ölkələrimiz arasında bir sıra sahələrdə münasibətlərin inkişaf etdirilməsi, o cümlədən iqtisadi, mədəni və siyasi sahədə əməkdaşlığın genişləndirilməsi istiqamətində ciddi addım olacaqdır.
Mən qardaş Azəbaycan Respublikasının İslam aləmi ilə əlaqələrin möhkəmləndirilməsi və inkişaf etdirilməsi, o cümlədən İslam Ümməsinin maraqlarının qorunması və beynəlxalq aləmdə layiqincə təmsili, onun tərəqqisi və mühüm problemlərinin həlli istiqamətində ölkəniz tərəfindən atılan addımları və göstərilən səyləri yüksək qiymətləndirirəm.
Eyni zamanda, Sizin Azərbaycana rəhbərlik etdiyiniz gündən xalqınızın rifahı, respublikanın inkişafı və tərəqqisi naminə göstərdiyiniz xidmətləri də yüksək qiymətləndirirəm. Sizin göstərdiyiniz səylər nəticəsində Azərbaycan dünya iqtisadiyyatında özünə layiqli yer qazana bilmiş və beləliklə, ölkənizin müəyyən problemlərinin aradan qaldırılması, xalqınızın gözəl gələcəyinin təmin etdirilməsi üçün möhkəm zəmin yaradılmışdır.
Bildirmək istərdim ki, İsrail-Fələstin münaqişəsinin ağır nəticələrini özündə hiss edən İordaniya, Azərbaycanın qarşılaşdığı təəssüf doğuran problemlərə bənzər məsələlərlə də üzləşir. İordaniya Azərbaycan xalqı və hökuməti ilə həmrəy olduğunu təsdiq edir və onların Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində göstərdikləri səyləri dəstəkləyir.
Arzum odur ki, Allah Taala Sizi qorusun və hər zaman yardımçınız olsun. Qoy Ulu Tanrı Sizin və Azərbaycan xalqının bütün arzularını çin etsin, müdrik rəhbərliyiniz altında xalqınıza tərəqqi, əmin-amanlıq və firavan həyat bəxş etsin.
Sizin qardaşınız,
II Abdulla
İordaniyanın Kralı
9 avqust 2006-cı il.