RƏSMİ XRONİKA
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ
Zati-aliləri, İcazə verin, beynəlxalq standartlara uyğun yeni yarımdalma qazma qurğusunun tikintisinə dəstəyinizə görə ConocoPhillips şirkəti adından Sizə və Azərbaycan hökumətinə dərin minnətdarlığımızı bildirək. Bu qurğunun tikintisi Azərbaycan Respublikasının energetika sektorunun inkişafında mühüm bir hadisə olmaqla, onun gələcək iqtisadi tərəqqisində əhəmiyyətli yer tuta bilər. Qurğunun tikintisi Azərbaycan hökumətinin, beynəlxalq və yerli şirkətlərin birgə səyləri nəticəsində mümkün olmuşdur. Sizin rəhbərliyinizlə Azərbaycanda biznesin inkişafı üçün yaradılmış əlverişli mühit bir çox beynəlxalq şirkətlərin ölkənin energetika sektorunun inkişafına cəlb olunmalarına imkan vermişdir. Bu isə respublikanın iqtisadiyyatının sürətli inkişafına əlavə dəstək olmuşdur. Qurğunun tikintisində xarici mütəxəssislərlə yanaşı, azərbaycanlı mütəxəssislər də yaxından iştirak etmişlər və gələcəkdə onun istismarında da iştirak edəcəklər. Biz yüksək nikbinliklə gözləyirik ki, yeni qurğu dənizin böyük dərinliklərində qazma işinin bütün çətinliklərindən uğurla çıxacaq, “Zəfər” və “Məşəl” perspektivli strukturlarının istismarında mühüm rol oynayacaqdır. Dərin hörmətlə, Dod DeKamp ConocoPhillps şirkətinin Yaxın Şərq, Rusiya və Xəzər hövzəsi üzrə prezidenti 17 iyul 2003-cü il.