RƏSMİ XRONİKA
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ
Bu məktubu yazaraq, yeni müasir yarımdalma qazma qurğusunun tikintisi zamanı göstərdiyiniz köməyə görə Sizə və hökumətinizə təşəkkürümü bildirmək istərdim. Hamıya məlumdur ki, belə bir layihənin həyata keçirilməsi məhz Sizin güclü rəhbərliyiniz, davamlı dəstəyiniz və Azərbaycanın neft-qaz sənayesinin gələcəyinə olan sarsılmaz inamınız sayəsində mümkün olmuşdur.
Yeni qurğunun tikintisi bu layihəni uğurla həyata keçirmiş hökumət, beynəlxalq neft və qaz şirkətləri ilə Azərbaycanın və xarici ölkələrin çoxsaylı podratçıları arasındakı qarşılıqlı anlaşma və əməkdaşlıq nəticəsində yüksək nailiyyətlərin əldə edilə bilməsinə bariz bir nümunədir. Neft və qaz sənayesinin inkişafının tərkib hissəsi olan riskləri nəzərə alan sabit normativ hüquqi baza və vergi şərtləri sayəsində Azərbaycan dünya miqyasında fəaliyyət göstərən bir çox xarici şirkətlərin, o cümlədən EksonMobil şirkətini özünün enerji ehtiyatlarının kəşfiyyatı və işlənilməsinə cəlb etməyə nail olmuşdur.
Sizin rəhbərlik fəaliyyətinizin əsas məqsədlərindən biri də Azərbaycanın təbii ehtiyatlarının işlənilməsində ölkə vətəndaşlarının tam iştirakını təmin etməkdən ibarətdir. Yeni qazma qurğusunun tikilməsi həmin siyasətin tətbiq olunmasının yaxşı bir nümunəsidir. Qurğunun tikintisində Azərbaycanın yüzlərlə mütəxəssisi iştirak etmişdir. Onun, əsasən, yerli işçilər tərəfindən həyata keçiriləcək istismarı gələcəkdə ölkənizin vətəndaşları üçün gözəl və əlverişli iş yerlərinin təmin edilməsinə imkan verəcəkdir.
Layihənin uğurla başa çatması Azərbaycanın dünya neft və qaz sənayesində aparıcı mövqe tutmasına və beləliklə, ölkənin gələcək iqtisadi inkişafının möhkəm özülünün yaranması prosesinə kömək edən addımlardan biridir.
Kömək və dəstəyinizə görə Sizə bir daha minnətdarlığımı bildirirəm.
Hörmətlə,
Tim Seyka
EksonMobil şirkətinin icraçı
vitse-Prezidenti
Hyuston, 18 iyul 2003-cü il.