AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ
Qara Qarayev adına Kamera orkestrinin, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının və Azərbaycan Dövlət Musiqili Komediya Teatrının simfonik orkestrləri işçilərinin əmək haqlarını artırdığınıza görə Sizə öz dərin minnətdarlıq və təşəkkürümüzü bildiririk.
Məhz 1993-cü ildə yenidən hakimiyyətə qayıtdığınız dövrdən bütün incəsənət xadimləri kimi, biz də Sizin milli mədəniyyətimizə daim göstərdiyiniz əsl atalıq qayğısını hər zaman hiss etmişik. Elə bu son Sərəncamınız da buna növbəti əyani sübutdur.
Ölkədə yaratdığınız ictimai-siyasi sabitlik, eləcə də vaxtilə dərin böhran içində boğulan Azərbaycan iqtisadiyyatının dirçəldilməsi və Sizin apardığınız müdrik siyasət nəticəsində bizim kollektivlərin Almaniya, Fransa, Avstriya, Türkiyə və bir sıra başqa ölkələrdə uğurla çıxış etməsi üçün imkanlar yaranmışdır. Avropanın məşhur teatr və opera səhnələrində səslənən Azərbaycan musiqisi milli mədəniyyətimizin təbliğinə xidmət edərək, geniş mənada Sizin apardığınız müdrik siyasətin qələbəsidir.
Möhtərəm Prezident!
Əmin ola bilərsiniz ki, bizim kollektivlər Sizin yeritdiyiniz daxili və xarici siyasəti indiyədək olduğu kimi, bundan sonra da tam əzmkarlıqla müdafiə edəcəklər.
Qarşıdan xalqımız və dövlətimiz üçün böyük əhəmiyyət kəsb edən prezident seçkiləri gəlir. Bu taleyüklü məsələdə də biz Sizinləyik, əziz Prezidentimiz!
Sizə bir daha təşəkkür edir, möhkəm cansağlığı və müstəqil, demokratik Azərbaycan Respublikasının rifahı naminə uğurlar arzu edirik.
Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin kollektivi adından
Teymur Göyçayev
orkestrin bədii rəhbəri,
əməkdar incəsənət xadimi.