AZƏRBAYCAN RUS İCMASININ II QURULTAYI
80 min nəfəri birləşdirən 49 şəhər, rayon və bölgə təşkilatından qurultaya 391 nümayəndə seçilmişdir. Azərbaycanın rus əhalisi isə təxminən 170 min nəfərdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Gəncə şəhərinin rus icmasından qurultayın fəxri nümayəndələri seçilmişdir.
Teatrın girəcəyində milli geyimli rus qızları qurultay nümayəndələrini duz-çörəklə qarşıladılar.
Azərbaycan Rus İcması Respublika Şurasının sədri, Milli Məclisin deputatı Mixail Zabelin qurultayı açaraq, nümayəndələri və qonaqları salamladı, gündəliyi elan etdi.
Azərbaycan Respublikasının dövlət himni səsləndi.
Qurultay iştirakçıları xalqımızın ümummilli lideri Heydər Əliyevin nurlu xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
M.Zabelin nümayəndələrə Azərbaycan Prezidenti İlham Əliyevlə qurultay ərəfəsində keçirilmiş görüş barədə məlumat verdi. O, səmimi qəbula görə, veteranlara qayğıya görə, rus dilinə və mədəniyyətinə çox böyük diqqətə görə, xoş niyyət və arzulara görə dövlətimizin başçısına qurultayın bütün iştirakçıları adından, bütün rus icması adından təşəkkürünü bildirdi.
Milli siyasət məsələləri üzrə dövlət müşaviri Hidayət Orucov Azərbaycan Prezidenti İlham Əliyevin qurultay nümayəndələrinə təbrik məktubunu oxudu. (Məktub qəzetin buğünkü nömrəsində dərc olunur).
M.Zabelin təbrikə və onların fəaliyyətinə yüksək qiymətə görə Prezident İlham Əliyevə bütün rus icması adından təşəkkür edərək dedi ki, Azərbaycanda yaşayan ruslar onun siyasi xəttini tamamilə dəstəkləyirlər.
Sonra Rusiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Pyotr Burdıkin Rusiya Prezidenti Vladimir Putinin qurultay iştirakçılarına müraciətini oxudu. Müraciətdə ölkəmizdəki rus icmasının rus dili və mədəniyyətinin, milli ənənələrin qorunub saxlanması sahəsində gördüyü işlər yüksək qiymətləndirilir.
Moskvadakı Həmvətənlər Evinin direktoru Yuri Kaplun Moskva şəhərinin meri Yuri Lujkovun təbrikini nümayəndələrə yetirdi.
Qurultay Azərbaycan Rus İcması Respublika Şurasının sədri M.Zabelinin təşkilatın son beş ildəki fəaliyyəti haqqında hesabat məruzəsini, təftiş komissiyasının hesabatını dinlədi, icmanın Nizamnaməsinə əlavələri müzakirə etdi.
Qurultay iştirakçıları iqtisadi problemləri nəzərdən keçirdilər. Qeyd olundu ki, Rusiya ilə Azərbaycan arasında iqtisadi əlaqələr sahəsində ciddi irəliləyişlər yarandığı şəraitdə ölkədə rus biznesi zəifdir. Bununla əlaqədar rus icmasının iştirakı ilə biznesmenlərin “Rus dünyası” assosiasiyası yaradılmışdır. Qurultayda Rusiya ilə və digər xarici ölkələrlə iqtisadi münasibətlərin daha da möhkəmlənməsində assosiasiyanın iştirakına dair konkret təklifər irəli sürüldü.
Faşizm üzərində böyük Qələbənin 60 illiyinə hazırlıq qurultayda əsas məsələlərdən biri oldu.
Sonra Respublika Şurasının yeni tərkibi seçildi. Qurultayda qətnamə, Azərbaycan Prezidenti İlham Əliyevə müraciət, Rusiya Prezidenti Vladimir Putinə, Moskva şəhərinin meri Yuri Lujkova, habelə beynəlxalq təşkilatlara müraciətlər qəbul olundu.
Qurultayın işində Milli Məclis sədrinin birinci müavini Arif Rəhimzadə, parlamentin deputatları Asya Manafova, xalq yazıçıları Anar, Maqsud İbrahimbəyov, Rusiya Federasiyasının nümayəndə heyəti, Rusiya azərbaycanlılarının iki ən iri birliyinin nümayəndələri – Ümumrusiya Azərbaycan Konqresi icra katibinin müavini Gündüz Həmzəyev və “AzərRos” Federal milli mədəni muxtariyyətinin prezidenti Söyün Sadıqov, Bakı və Xəzəryanı bölgənin yepiskopu Aleksandr, müharibə veteranları, ictimaiyyətin nümayəndələri iştirak edirdilər.