Azərbaycan sabit ölkə kimi qlobal problemlərin həlli mərkəzinə çevrilmişdir
Bakı, 28 aprel (AZƏRTAC). Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov Bakıda keçirilən II Qlobal Açıq Cəmiyyətlər Forumu ilə əlaqədar jurnalistlər üçün brifinq keçirmişdir.
Dünyanın 50-dən çox ölkəsindən nüfuzlu dövlət xadiminin iştirak etdiyi Forumun əhəmiyyətini vurğulayan Nazim İbrahimov bildirmişdir ki, ölkənin sürətli inkişafı, əhalinin sosial rifahının yüksəlməsi kimi amillər dünyanı narahat edən qlobal problemlərin məhz Bakı şəhərində müzakirə edilməsinin səbəbidir. “Azərbaycan Prezidentinin Forumda iştirak etməsi tədbirin dövlətimiz üçün nə qədər əhəmiyyətli olduğunu göstərir”, - deyən Komitə sədri bildirmişdir ki, iki gün ərzində dünyanı narahat edən bir çox qlobal problemlər müzakirə olunacaq, bu problemlərin həlli yolları axtarılacaq və gələcəkdə Azərbaycan da bu işə öz töhfəsini verəcəkdir.
Nazim İbrahimov Azərbaycanın dünyada daha da tanıdılması istiqamətində Forumun əhəmiyyətini xüsusi vurğulayaraq demişdir: “Buraya gələn insanlar öz ölkələrinə on illərlə rəhbərlik etmiş, həmin ölkələrin əhalisi tərəfindən seçilmiş, tanınan, sayılan, seçilən insanlardır. Həmin insanların buradan qayıdıb öz ölkələrində Azərbaycan, onun paytaxtı Bakı şəhəri haqqında, buradakı inkişaf barədə, ölkəmizdə yürüdülən siyasət haqqında dedikləri xoş fikirlər rəğbətlə qarşılanacaqdır. Bu da Azərbaycanın tanıdılması üçün çox mühüm hadisədir”.
N.İbrahimov iki gün ərzində bir sıra problemlərlə yanaşı, müxtəlif regionlarda olan münaqişələrin müzakirə ediləcəyini vurğulayaraq qeyd etmişdir ki, ötənilki Forumdan fərqli olaraq bu dəfə Azərbaycan nümayəndə heyətinin çıxışı da nəzərdə tutulmuşdur. O, demişdir: “Biz istəyirik ki, gələn qonaqlarımıza Azərbaycanda gedən proseslər haqqında daha ətraflı məlumat verək və müzakirə edək. Azərbaycanın qarşılaşdığı Dağlıq Qarabağ problemini, ölkəmizdə qaçqınların və məcburi köçkünlərin acınacaqlı vəziyyətini, Azərbaycana qarşı olan ikili standart məsələsini bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırmağa nail olaq. Güman edirəm ki, bu Forum bu işdə bizə çox yardımçı olacaqdır. Bu il Foruma gələnlərin bəziləri səmimi şəkildə etiraf edirlər ki, ötən il gələn zaman onlarda bir tərəddüd var idi: “Onlarda suallar yaranmışdı ki, hara gedirlər, niyə gedirlər. Ancaq indi o fikirlər yoxdur, gələn hər bir şəxs əmindir ki, həqiqətən də Bakı beynəlxalq mərkəzdir. Biz bu Forumu hər il keçirməyi nəzərdə tuturuq. Növbəti illərdə keçiriləcək forumlar daha geniş olacaq, daha böyük auditoriyanı əhatə edəcəkdir. Azərbaycan daha çox tanıdılacaqdır. Əsas odur ki, ətrafımızda bu qədər qlobal problemlərin olduğu bir vaxtda Azərbaycan sabit ölkə kimi bu problemlərin həlli mərkəzinə çevrilmişdir”.