Azərbaycan səfiri etimadnaməsini Oman Sultanına təqdim etmişdir
Bakı, 22 aprel (AZƏRTAC). Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığı, Bəhreyn Krallığı, Oman Sultanlığı və Yəmən Respublikasındakı səfiri Rasim Rzayev Maskat şəhərində etimadnaməsini Oman Sultanı Qabus bin Said Al Saidə təqdim etmişdir.
Səfirlikdən AZƏRTAC-a bildirilmişdir ki, görüşdə R.Rzayev Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və ən xoş arzularını Oman Sultanına çatdırmışdır.
Səfir Prezident İlham Əliyevin Azərbaycan və Oman arasında əlaqələrə önəm verdiyini bildirmiş, əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu vurğulamışdır.
Oman Sultanı Qabus bin Said Al Said də Azərbaycan Prezidentinə salamlarının və ən xoş arzularının çatdırılmasını xahiş etmiş, iki ölkə arasında dostluq, qardaşlıq münasibətlərindən məmnunluqla danışmışdır. O, səfirin diplomatik fəaliyyəti dövründə Azərbaycan və Oman arasında əlaqələrin uğurla inkişaf edəcəyinə əminliyini bildirmişdir.
R.Rzayev Omanın beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycanın mövqeyini daim dəstəklədiyi üçün Sultan Qabus bin Said Al Saidə təşəkkür etmiş, iki ölkə arasında əlaqələrin daha da möhkəmləndirilməsi istiqamətində səy göstərəcəyini vurğulamışdır.
Səfir, həmçinin gələcəkdə hər iki ölkədə diplomatik missiyaların fəaliyyətə başlamasının əlaqələrin daha da inkişaf etməsinə təkan verəcəyini vurğulamışdır.
Görüş haqqında məlumatlar Omanın Xarici İşlər Nazirliyinin internet səhifəsində yerləşdirilmiş, “Əl-Şəbibə”, “Əl-Vatan”, “Əl-Roya” və bir sıra digər qəzetlərində dərc olunmuşdur.