Azərbaycan səfiri Xocalı soyqırımı ilə bağlı Misirin “Nil Əl-Əxbar” kanalına müsahibə verib
Qahirə, 24 fevral, AZƏRTAC
Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar Azərbaycanın Misirdəki səfiri Şahin Abdullayev bu ölkənin geniş tamaşaçı auditoriyasına malik olan “Nil Əl-Əxbar” televiziya kanalına müsahibə verib.
Proqramın əvvəlində aparıcı Azərbaycanın coğrafi və siyasi vəziyyəti, Misir-Azərbaycan əlaqələri, Xocalı qətliamı zamanı erməni silahlı qüvvələri tərəfindən törədilmiş vəhşiliklər barədə məlumat verib. Fevralın 20-də Misirin Qahirə Universitetinin tələbələri tərəfindən “Əl-Əzhər” parkında “Xocalıya ədalət!” kampaniyası çərçivəsində yürüş keçirildiyi, şəhidlərin xatirəsini əziz tutmaq məqsədilə şamlar yandırıldığı qeyd edilib.
Səfir Ş.Abdullayev fevralın 15-də Liviyada 21 misirlinin “İŞİD” terror təşkilatı tərəfindən vəhşicəsinə qətlə yetirilməsini pisləyərək, Misir xalqına və qətlə yetirilən insanların ailələrinə dərin hüznlə başsağlığı verib. O, terrordan əziyyət çəkən Azərbaycanın onun bütün forma və təzahürlərinə qarşı olduğunu bildirib. Səfir 1990-cı illərin əvvəllərində Ermənistan tərəfindən Azərbaycanda 30-dan çox terror aktının törədildiyini qeyd edib, 2000-dən artıq azərbaycanlının həlak olduğunu diqqətə çatdırıb.
Ş.Abdullayev işğalçılıq və etnik təmizləmə siyasəti aparan Ermənistanın 90-cı illərin əvvəllərində sovet ordusunun köməyi ilə Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi və nəticədə bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkünə çevrilməsi barədə danışıb.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hüquqi müstəvisinə toxunan səfir BMT Təhlükəsizlik Şurası tərəfindən sözügedən münaqişə ilə bağlı 1993-cü ildə dörd qətnamənin qəbul olunduğunu diqqətə çatdırıb, indiyədək Ermənistan tərəfindən bu qətnamələrin tələblərinin yerinə yetirilmədiyini bildirib. Səfir beynəlxalq təşkilatların qərarlarının ikili standartlara söykəndiyini, bir ölkəyə münasibətdə tətbiq edildiyini, digərinə münasibətdə icra olunmadığını vurğulayıb.
Xocalı soyqırımından bəhs edən Ş.Abdullayev faciənin 1992-ci il 26 fevral tarixində Ermənistan silahlı qüvvələri tərəfindən Xocalı şəhərində törədildiyini və bir gecədə 613 dinc sakinin amansızcasına qətlə yetirildiyini diqqətə çatdırıb, soyqırımı zamanı törədilmiş vəhşiliklər barədə ətraflı məlumat verib.
Səfir bu yaxınlarda Qahirə Universitetinin tələbələrinin həmin faciə ilə bağlı keçirdiyi yürüşə görə onlara təşəkkürünü bildirib və “Xocalıya ədalət!”in beynəlxalq kampaniya olduğunu, dünyanın bir çox ölkələrində həmin kampaniyanın həyata keçirildiyini diqqətə çatdırıb.
Misir-Azərbayan əlaqələrinə toxunan Ş.Abdullayev münasibətlərin yaxşı səviyyədə olduğunu qeyd edib, iki ölkə arasında beynəlxalq müstəvidə mövcud əməkdaşlıqdan danışıb.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə