“Azərbaycan şərqşünaslığı” jurnalının növbəti nömrəsində
Bakı, 8 iyul, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun “Azərbaycan şərqşünaslığı” elmi-kütləvi jurnalının növbəti nömrəsi nəşr edilib.
Bu barədə AZƏRTAC-a Şərqşünaslıq İnstitutundan məlumat verilib.
Jurnalda ilk olaraq “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş materiallar təqdim olunur. Burada Akademik Gövhər Baxşəliyevanın və fəlsəfə üzrə fəlsəfə doktoru dosent Elnur Mustafayevin bu mövzuda müsahibələri və institutda keçirilmiş “Milli mübarizəmizin məntiqi nəticəsi - Konstitusiya və Suverenlik” mövzusunda respublika konfransı barədə məlumat yer alır.
Jurnalın “Ədəbiyyat” bölməsində “İsmayıl Cəfərpur və onun poeziyası”, “Xalq şairi Süleyman Rüstəmin “Gülbahar” və Kərim Məşrutəçi Sönməzin “İsanın son şamı” poemalarındakı ideya birliyi”, “Uzaq Şərq” bölməsində “Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı ilə qarşılıqlı əlaqələrinin inkişafı” və “XXI əsrdə Cənubi Koreyada partiya sisteminin təkamülü və Şimalla münasibətlər kontekstində siyasi prioritetlər”, “Şərq bu gün” rubrikasında “Kollektiv Qərbin və ABŞ-nin Yaxın Şərq böhranının həllində rolu” mövzusunda məqalələr dərc olunub.
Jurnalda, həmçinin Şərqşünaslıq İnstitutunun son nailiyyətləri, Şərq ölkələrinin ictimai, iqtisadi və mədəni-tarixi inkişafı, eləcə də Azərbaycanla əlaqələri istiqamətində aparılan ən yeni tədqiqatlar barədə ətraflı məlumat təqdim edilir.
Nəşrdə institut əməkdaşlarının beynəlxalq elmi konfranslarda iştirakı, elmi fəaliyyətləri və əldə etdikləri nəticələr də geniş şəkildə işıqlandırılır.
Jurnalda akademik Gövhər Baxşəliyevanın müsahibəsi də yer alıb. Müsahibədə şərqşünaslıq elminin tarixi ənənələrinə, onun formalaşma mərhələlərinə və müasir dövrdə inkişaf istiqamətlərinə nəzər salınır.