AZƏRBAYCAN-SURİYA MƏDƏNİ ƏMƏKDAŞLIĞI GENİŞLƏNİR
AZƏRTAC xəbər verir ki, Azərbaycan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Suriya Ərəb Respublikasının paytaxtı Dəməşqdə keçirilmiş İslam Konfransı Təşkilatına üzv ölkələrin turizm nazirlərinin VI Konfransında iştirak etmişdir.
Ə.Qarayev səfər çərçivəsində Suriyanın mədəniyyət naziri doktor Riyad Naasan Ağa ilə görüşmüşdür. Görüşdə iki ölkə arasında mədəni əməkdaşlığın inkişaf perspektivləri ətraflı müzakirə edilmişdir.
Səmimi keçən görüşdə qədim tarixə malik Azərbaycan-Suriya əlaqələrinin müasir dövrdə bərpa edilməsi, qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi, kitabxanalar, muzeylər və teatrlar arasında əməkdaşlığın qurulması, sərgilərin təşkili, musiqi və rəqs kollektivlərinin səfərləri və digər məsələlər diqqət mərkəzində olmuşdur.
Nazir Ə.Qarayev suriyalı həmkarının nəzərinə çatdırmışdır ki, Azərbaycanın və Şərqin böyük şairi, mütəfəkkiri, 6 əsr öncə Hələb şəhərində yaşayıb-yaratmış İmadəddin Nəsimi ilə bağlı tədbirlər xalqlarımız arasında dostluq və qardaşlıq münasibətlərinin daha da inkişaf etməsi üçün vasitə ola bilər. Nazir bildirmişdir ki, hər bir azərbaycanlı üçün əziz olan Nəsiminin dəfn edildiyi məqbərənin və onun ətrafının abadlaşdırılması, xatirəsi ilə bağlı müştərək tədbirlərin görülməsi üçün Azərbaycan Suriyanın müvafiq dövlət orqanları ilə sıx əməkdaşlıq etməyə hazırdır.
Doktor Riyad Naasan Ağa Suriyanın Azərbaycanla mədəni əlaqələrin inkişafında maraqlı olduğunu, mədəni əməkdaşlıq və İmadəddin Nəsiminin məqbərəsi ilə bağlı təkliflərin diqqətlə öyrəniləcəyini, qısa müddət ərzində müvafiq məlumatların Azərbaycan tərəfinə göndəriləcəyini bildirmişdir. 2009-cu ildə Bakı şəhərinin İslam dünyasının paytaxtı élan olunması ilə əlaqədar ilboyu keçiriləcək tədbirlərdə Suriya tərəfinin iştirakı barədə razılıq əldə olunmuşdur.
Görüşdə Azərbaycanın Suriyadakı səfiri Mahir Əliyev və nazirliyin mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayev iştirak etmişlər.