REGİONLAR
Azərbaycan təbiətinin nadir bitkiləri Gəncənin parklarını bəzəyəcək
Gəncə, 5 noyabr, Vüsalə Cənnətova, AZƏRTAC
Ölkənin cənub bölgəsinə xas olan, üçüncü dövrün qədim və nadir bitkiləri sayılan dəmirağac və şabalıdyarpaq palıd artıq Gəncənin parklarını da bəzəyəcək.
AMEA-nın Gəncə bölməsi Nəbatat bağının şöbə müdiri, biologiya elmləri doktoru, professor Aynur Bayramovanın AZƏRTAC-ın bölgə müxbirinə verdiyi məlumata görə, Lənkərandan gətirilən hər iki bitkiyə aid 10-dan çox ting təcrübə sahəsində əkilərək, iqlimə adaptasiya olunub. Tinglər daha sonra Nəbatat bağının ərazisinə, oradan isə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Yaşıllaşdırma şöbəsi ilə razılaşma əsasında Gəncənin parklarına köçürüləcək.
“Relikt (üçüncü dövr) ağaclar keçmişdə geniş yayılsa da, hazırda qlobal iqlim dəyişikliyi nəticəsində məhdud ərazilərdə rast gəlinən növlərdir. Bu ağaclar keçmiş geoloji eranın milyon illərinin şahidləridir. Dəmirağac və şabalıdyarpaq palıd da adı “Qırmızı kitab”a düşən belə nadir bitkilərdəndir. Bu bitkilərin sayının artırılması və xas olmadıqları ərazilərə də yayılması floranın zənginləşdirilməsinə xidmət edir. Bir sıra nadir bitkilərin olduğu AMEA Gəncə bölməsi Nəbatat bağına hər iki ağac tinglərindən gələn il də gətiriləcək”, - deyə Aynur Bayramova bildirib.