MƏDƏNİYYƏT
Azərbaycan təmsilçiləri beynəlxalq musiqi festivalında mükafata layiq görülüblər



Bakı, 27 noyabr, AZƏRTAC
Çexiyanın Karlovy Vary şəhərində keçirilən "Suliko" Beynəlxalq Musiqi Festivalı ölkəmizi bu müsabiqədə təmsil edən müsabiqələr laureatı 9 yaşlı Selin Hüseynova və 10 yaşlı Fikrət Əliyev üçün uğurlu olub.
Bu barədə AZƏRTAC-a məlumat verən Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının vokal müəllimi, müsabiqədə münsiflər heyətinin üzvü qismində iştirak edən Dmitri Babayev bildirib ki, Selin Hüseynova gümüş medala və diploma layiq görülüb, Fikrət Əliyev diplom və kubokla təltif edilib.
İki mərhələdə keçirilən festivalda, solistlər, ifaçılar, rəqs kollektivləri iştirak ediblər. Azərbaycan təmsilçiləri yerli və dünya bəstəkarlarının repertuarından "New York State of mind", "Zübeydə", "Sunny", "Tell me why" əsərlərini səsləndiriblər. Mükafatlar yaş kateqoriyasına görə təqdim edilib.
Litva, Latviya, Estoniya, Azərbaycan və digər ölkələrdən nüfuzlu universitetlərinin professorlarının, mədəniyyət xadimlərinin daxil olduqları münsiflər heyəti festivalda həmyerlilərimizin çıxışını yüksək qiymətləndiriblər. Münsiflər təmsilçimiz Fikrət Əliyevi gənc Müslim Maqomayev adlandırıblar.
Dmitri Babayevin sözlərinə görə təmsilçilərimizin ifası festival iştirakçılarının, litvalı və əcnəbi musiqisevərlərin, Karlovy Vary ərazisində yaşayan azərbaycanlıların də böyük marağına səbəb olub.
Müsabiqədə Gürcüstan, Rusiya, Çexiya, Moldova, Argentina, Azərbaycan və Sloveniyadan yeniyetmələr də iştirak edib. İştirakçıların solo, duet, caz imkanları yoxlanılıb və hər bir təmsilçi ölkəsinin folklorunu nümayiş etdirib.
Digər qaliblərə diplom, mükafat və qiymətli hədiyyələr təqdim olunub.
Qeyd edək ki, hər iki yeniyetməmiz Müslüm Maqomayev adına 26 nömrəli musiqi məktəbinin şagirdidir.