Azərbaycan Texniki Universiteti Almaniyanın ali məktəbləri ilə əməkdaşlıq edəcək
Bakı, 1 mart, AZƏRTAC
Azərbaycan Texniki Universitetinin (AzTU) maşınqayırma fakültəsinin dekanı, dosent Ərəstun Məmmədov Almaniyanın Berlin Texniki Universitetində keçirilən “İCM-2018” (Konferenz zur Internationalisierung der Curricula MİNT-Fächer) beynəlxalq konfransında iştirak edib.
AzTU-dan AZƏRTAC-a bildiriblər ki, konfrans universitet tələbələrinin tədris prosesi zamanı mübadilə proqramlarında iştirak etmələrini asanlaşdırmaq, əcnəbi tələbələrin öz təhsillərini bu ali məktəbdə davam etdirmək proseslərinə kömək məqsədilə riyaziyyat, informatika, təbiət və texniki elmlər fənləri üzrə tədris planlarının (kurikulumlarının) beynəlmiləlləşdirilməsi yollarının axtarışına həsr edilib.
Konfransda Avropanın nüfuzlu universitetlərinin digər ölkələrlə birgə ikili diplom verə bilən təhsil istiqamətlərinin yaradılması və bu zaman mədəniyyətlərarası dialoqların təşkili səviyyəsinin yüksəldilməsi, onların inteqrasiyası məsələləri diqqət mərkəzində olub.
Konfransda AzTU ilə Almaniyanın bir sıra nüfuzlu universitetləri arasında əməkdaşlıq haqqında kooperasiyaların yaradılması, birgə beynəlxalq layihə və proqramlarda iştirakla bağlı perspektivlər müzakirə edilib və mühüm razılaşmalar əldə olunub.