İQTİSADİYYAT
Azərbaycan Texniki Universitetinin tələbələri “Nar”da təcrübə proqramını müvəffəqiyyətlə bitiriblər
Bakı, 30 iyul, AZƏRTAC
Azərbaycan Texniki Universitetinin (AzTU) 25 tələbəsi “Nar”da bir aylıq təcrübə proqramından faydalanaraq, öz ixtisas biliklərini əyani və praktiki surətdə tətbiq etmək şansı əldə ediblər.
“Nar”dan AZƏRTAC-a bildirilib ki, mobil operatorun müasir telekommunikasiya avadanlığının quraşdırıldığı xüsusi laboratoriyada peşəkar texniki işçi heyəti tərəfindən tələbələr üçün təlim və seminarlar keçirilib. Tələbələr başlıca olaraq “LTE - mobil rabitənin yeni nəsli”, “IMS və NGN texnologiyası”, “İnternetə naqilsiz daxilolma texnologiyaları”, “Mobil rabitə şəbəkələrinin tezlik-ərazi planlaşdırılması” və “Mobil rabitə şəbəkələrində xidmət keyfiyyəti” kimi mövzuları mənimsəyiblər. Bununla yanaşı, onlar 3G və 4G texniki avadanlığının işləmə prinsipi, GSM sistemləri ilə də tanış olublar. Proqram çərçivəsində praktiki biliklərini inkişaf etdirən gənclər ixtisaslı kadr kimi yetişmək üçün ilk addımlarını atıblar.
Qeyd edək ki, AzTU ilə imzalanmış tərəfdaşlıq müqaviləsi çərçivəsində bu ali məktəbdə Nar GSM laboratoriyası yaradılıb. Tələbələr GSM sahəsi üzrə müxtəlif nəzəri biliklər və təcrübə əldə etmək fürsəti qazanıblar. Laboratoriyanın təchizatı və tələbələr üçün nəzərdə tutulmuş təcrübə proqramı “Nar”ın gənclər və təhsilə yönəlmiş KSM (Korporativ Sosial Məsuliyyət) strategiyası çərçivəsində həyata keçirilir.
“Nar”ın KSM strategiyası haqqında ətraflı məlumatı nar.az saytından əldə etmək olar.