Azərbaycan Tibb Universiteti ilə Türkiyənin Medipol Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanmışdır
Bakı, 27 noyabr (AZƏRTAC). Noyabrın 27-də Türkiyənin İstanbul Universitetinin rektoru Yunus Söylətin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında olmuşdur.
AZƏRTAC xəbər verir ki, qonaqlar əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Tədris Cərrahiyyə Klinikasındakı barelyefi önündə xatirə şəkli çəkdirmişlər.
Sonra Türkiyənin nümayəndə heyəti klinika ilə tanış olmuşdur.
Qonaqlara məlumat verilmişdir ki, Prezident İlham Əliyevin Sərəncamı əsasında Azərbaycan Tibb Universitetinin 500 çarpayılıq Tədris Cərrahiyyə Klinikasının müasir səviyyədə inşası dövlətimizin bu nüfuzlu ali təhsil ocağının inkişafına, onun maddi-texniki bazasının möhkəmləndirilməsinə diqqət və qayğısının əyani göstəricisidir. Klinikada tədrislə yanaşı, əhaliyə yüksək diaqnostik və cərrahi müalicə-tibbi yardım da göstəriləcəkdir. Klinikada ümumi cərrahiyyə, uşaq cərrahiyyəsi, döş qəfəsi cərrahiyyəsi, oftalmologiya, travmatologiya, neyrocərrahiyyə və digər şöbələr fəaliyyət göstərəcəkdir. Tibb müəssisəsində müxtəlif cərrahi əməliyyatlar aparmaq da mümkün olacaqdır. Tibb ocağı ən müasir avadanlıqla təchiz edilmişdir.
ATU-nun rektoru, Milli Məclisin deputatı, akademik Əhliman Əmiraslanov universitetdə yüksək səviyyəli təhsil və tədris üçün hər cür şərait yaradıldığını da qonaqların diqqətinə çatdırmışdır.
Qeyd edilmişdir ki, hazırda ATU-nun nəzdində fəaliyyət göstərən 4 klinika ən son texnoloji avadanlıqlarla təchiz olunmuşdur.
Rektor ATU-da tələbələrin, rezidentlərin və doktorantların biliklərini artırmaları üçün mühazirə zalı, müxtəlif sahələrə aid bacarıq laboratoriyalarının yaradıldığını da bildirmişdir.
Daha sonra klinikanın konfrans zalında davam edən görüşdə ATU ilə Türkiyənin Medipol Universiteti arasında əməkdaşlığın möhkəmləndirilməsi və tələbə mübadiləsi ilə bağlı müqavilə imzalanmışdır.
Sənədi ATU-nun rektoru Əhliman Əmiraslanov və Medipol Universitetinin rektoru Səlahəddin Aydın imzalamışlar.
Mərasimdə 2015-ci ildə beynəlxalq uroonkoloji konqresin ATU-da keçirilməsi ilə bağlı təklif irəli sürülmüşdür. Təklif ATU rəhbərliyi tərəfindən razılıqla qarşılanmışdır.