Azərbaycan Tibb Universitetində stolüstü tennis turniri keçirilib
Bakı, 7 aprel, AZƏRTAC
Aprelin 7-də Azərbaycan Tibb Universitetində ASAN könüllüləri arasında Beynəlxalq İdman Gününə həsr olunmuş stolüstü tennis turniri təşkil edilib.
AZƏRTAC xəbər verir ki, yarışı Nəsimi Rayon Gənclər və İdman İdarəsi "Asan Könüllüləri" təşkilatı ilə birgə keçirib. Maraqlı rəqabət şəraitində keçən turnirin yekun nəticələrinə görə, oğlanlar arasında Cavid Məstanlı birinci yeri tutub. İkinci yerdə Xəlil İslamov, üçüncü pillədə isə Ramal Həbibli qərarlaşıblar. Qızların yarışında isə Nərmin Rüstəmova, Fidan Həsənzadə və Selenay Rüstəmova ilk üç yeri tutublar.
Sonda qaliblər təşkilatçılar tərəfindən təltif olunublar.
Turnirin keçirilməsində əsas məqsəd gənclərin idmana marağını artırmaq, idman növlərini gənclər arasında təbliğ etmək və onların asudə vaxtlarını səmərəli təşkil etməkdən ibarətdir.