CƏMİYYƏT
Azərbaycan Tibb Universitetinin tələbələri Çin Tibb Universitetinin onlayn dərslərinə qoşulublar
Bakı, 30 aprel, AZƏRTAC
Azərbaycan Tibb Universitetinin (ATU) müalicə-profilaktika, hərbi tibb və ictimai səhiyyə fakültələrinin 89 tələbəsi 2020-2021-ci tədris ilinin yaz semestrində Çin Tibb Universitetinin təşkil etdiyi onlayn dərslərə qoşulub.
ATU-nun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tələbələr ingilis dilində tədris olunan üç fənn - “Cərrahiyyə”, “Diaqnostika” və “Ənənəvi Çin tibbi-akupunkturası” üzrə dərslərdə iştirak ediblər. Kursun sonunda müvafiq imtahandan keçdikdən sonra ATU tələbələri rəsmi sertifikatlarla təltif olunublar.
Qeyd edək ki, həmin dərslərin təşkili ATU-nun üzvü olduğu “Bir kəmər - bir yol” Beynəlxalq Tibb Təhsili Alyansı (BRIMEA) çərçivəsində əməkdaşlıq sayəsində baş tutub.