Azərbaycan Turizm İnstitutunda “Azərbaycan bayrağı qürur mənbəyimizdir” mövzusunda “dəyirmi masa” keçirilmişdir
Bakı, 8 noyabr (AZƏRTAC). Azərbaycan Turizm İnstitutunda (ATİ) “Azərbaycan bayrağı qürur mənbəyimizdir” mövzusunda “dəyirmi masa” keçirilmişdir.
ATİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, institutun Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən “dəyirmi masa”da institutun rektoru, professor Cəfər Cəfərov çıxış edərək, ölkəmizin ən uca nöqtələrində qürurla dalğalanan milli bayrağımızın ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada qəbul edildiyini və dalğalandığını bildirmişdir. O vaxtdan 95 il keçir. Biz 1920-ci ildə tarixi taleyimizə yazılan işğalla barışmadıq və uzun illər üçrəngli bayrağımızı qəlbimizdə yaşatdıq. Nəhayət, 1991-ci ildə dövlət müstəqilliyimizin bərpasından sonra yenidən başımız üzərinə qaldırdıq. Bu gün dünyanın hər yerində qürurla dalğalanan üçrəngli bayrağımız Azərbaycanın şərəf rəmzidir desək yanılmarıq. 2009-cu ildən isə ölkəmizdə noyabrın 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd olunur. Babalarımızın bu böyük əmanətini, müstəqillik simvolunu qoruyub saxlamaq, onu nəsildən-nəslə ötürmək hər birimizin şərəf işi olmalıdır.
Digər çıxış edən müəllim və tələbələr də istiqlal tariximizin şanlı səhifələrindən söz açmış, bayraq gününün əhəmiyyətindən danışmışlar.