AZƏRBAYCAN-TÜRKİYƏ HÖKUMƏTLƏRARASI MÜŞTƏRƏK İQTİSADİ KOMİSSİYASININ İCLASI BAŞA ÇATMIŞDIR
Sonra iclasın yekunlarına dair mətbuat konfransı keçirilmişdir.
Abid Şərifov komissiyanın işini yüksək qiymətləndirmiş və müzakirə olunmuş məsələlərdən danışmışdır. O demişdir ki, iclasda Türkiyədən Naxçıvana verilən elektrik enerjisinin haqqının ödənilməsinə, ticarət dövriyyəsinin genişləndirilməsinə və nəqliyyat sahəsinə dair bir sıra məsələlər müzakirə olunmuşdur. Azərbaycan Türkiyəyə olan enerji borcunun gələcəkdə enerji ilə qaytarılmasını təklif etmişdir. Yaxın vaxtlarda qarşı tərəf öz mövqeyini bildirəcəkdir. Lakin elə indidən demək olar ki, məsələ öz həllini tapmışdır. Türkiyə tərəfi, öz növbəsində, Azərbaycandan vergi ödəmədən keçən yük maşınlarının sayının artırılması və türk neft şirkətlərinin fəaliyyətinin genişləndirilməsi barədə məsələ qaldırmışdır. Gələn ay nəqliyyat nazirlərinin İstanbulda keçiriləcək toplantısında yük maşınları ilə bağlı məsələ bir daha müzakirə olunacaqdır. Türk iş adamlarının fəaliyyətinə gəldikdə isə, bu sahədə problemin olmadığı diqqətə çatdırıldı. Protokolda da bu məsələlər öz əksini tapmışdır. Tərəflər arasında həlli mümkün olmayan heç bir məsələ yoxdur. Ona görə də dövlətlərimizin başçılarının qarşıya qoyduqları məqsədə çatmaq üçün daha ciddi səy göstərəcək, yaxın vaxtlarda ticarət dövriyyəmizi 1 milyard ABŞ dollarına çatdıracağıq. İşçi qrupları da 6 aydan bir yığışıb hər şeyi nəzərdən keçirəcək, problemləri yoluna qoyacaqlar.
A.Şərifov onu da demişdir ki, iclasda Qars-Axalkalaki-Tbilisi-Bakı dəmir yolunun tikintisi də müzakirə olunub. Biz hesab edirik ki, həm də bütün türk dövlətlərini birləşdirəcək bu yol işə düşdükdən sonra ölkələrimizin ticarət dövriyyəsi milyardlarla ölçüləcəkdir.
Türkiyə Respublikasının Dövlət naziri Mehmet Aydın komissiyanın işinin təşkili, göstərilən qonaqpərvərliyə görə minnətdarlıq etmişdir. O bildirmişdir ki, qarşıya qoyulan vəzifələri yerinə yetirmək üçün bütün imkanlar vardır. Tərəflər insan potensialını yeraltı və yerüstü sərvətləri, bir sözlə, bütün imkanları nəzərə alıblar. Dövlətlərimizin başçıları siyasi iradə nümayiş etdirərək qarşıya konkret məqsədlər qoymuşlar. Siyasi iradə isə iqtisadi inkişafın möhkəm təməli və əsas təkanverici qüvvəsidir. Ümid edirik ki, iqtisadi əlaqələrimiz inkişaf edəcək və biz ildə 1 milyard dollarlıq ticarət dövriyyəsinə nail olacağıq. Burada həmçinin türk iş adamlarının Azərbaycanın qeyri-neft sektoruna sərmayə qoyması məsələsinə baxdıq. Geri qayıtdıqdan sonra hökumətimiz qarşısında məsələ qaldıracağam. Düşünürəm ki, heç bir problem olmayacaq və biz birgə fəaliyyətimizlə çox şeyə nail olacağıq.
Sonra həmsədrlər jurnalistləri maraqlandıran suallara aydınlıq gətirmişlər.
Türkiyə tərəfinin xahişi ilə komissiyanın növbəti iclasının gələn il Ankarada keçirilməsi qərara alınmışdır.