AZƏRBAYCAN-TÜRKİYƏ İŞ ADAMLARI BİRLİYİNDƏ TARİXÇİ ALİM CASTİN MAKKARTİ İLƏ GÖRÜŞ KEÇİRİLMİŞDİR
Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, ABŞ-ın Kentuki ştatının Luisvil şəhərində eyniadlı universitetin tarix professoru Castin Makkarti iyunun 5-də qurumun üzvləri və digər iş adamları ilə görüşmüşdür.
Görüşün məqsədi ATİB-in Azərbaycan və Türkiyənin ortaq problemi olan “erməni məsələsi” üzrə həyata keçirdiyi layihə barədə üzvlərini məlumatlandırmaq və bu məsələ ilə bağlı C.Makkartinin fikirləri ilə tanışlıq idi.
Tədbirdə ATİB idarə heyətinin sədri Əhməd Erentok məsələ ilə bağlı həssas münasibətə və Azərbaycan-Türkiyə Tarixi Araşdırmalar Fondunun (ATAF) Himayəçilik Şurasının üzvü olmağı qəbul etdiyinə görə C.Makkartiyə təşəkkür etmişdir. O, qurumun ”erməni məsələsi” üzrə həyata keçirdiyi layihə - ATAF haqqında məlumat vermişdir. Bildirmişdir ki, məqsəd tarixin araşdırılması, problemin həll yollarının tapılması, təşkilatlanma, strateji təkliflərin hazırlanması, taktikanın müəyyənləşdirilməsi, problemin tanıtdırılması, izlənməsi və ən nəhayət, tarix yazmaqdır.
ATİB idarə heyətinin sədri ATAF-ın yaradılmasına verilən dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə, Türkiyə Prezidenti Abdullah Gülə, ATAF Hümayəçilik Şurasının sədri, Türkiyənin 9-cu Prezidenti Süleyman Dəmirələ təşəkkürünü bildirmişdir.
Qarabağla bağlı ölkəsinin mətbuatında çox az yazıların getdiyini söyləyən Castin Makkarti, ABŞ senatorlarının bu məsələdə ayrı-seçkilik etməməsi üçün həqiqətlərin insanlara çatdırılmasının zəruriliyini vurğulamışdır. O, həmçinin amerikalıların türkləri yaxşı tanımadıqlarını, bu xalqın şanlı tarixini bilmədiklərini söyləmişdir.
Görüşdə müzakirələr aparılmış, suallar cavablandırılmışdır.