Azərbaycan Universitetində “20 Yanvar - Ümumxalq Hüzn Günü” mövzusunda tədbir keçirilmişdir
Bakı, 18 yanvar (AZƏRTAC). Azərbaycan Universitetində (AU) 20 Yanvar faciəsinin 24-cü ildönümünə həsr olunmuş “20 Yanvar - Ümumxalq Hüzn Günü” mövzusunda anma tədbiri keçirilmişdir.
AU-dan AZƏRTAC-a bildirmişlər ki, əvvəlcə universitetin kollektivi Şəhidlər xiyabanına gələrək 20 Yanvar hadisələri zamanı Vətənin azadlığı, suverenliyi uğrunda canlarından keçmiş Azərbaycan oğullarının və qızlarının əziz xatirəsini ehtiramla yad etmiş, məzarları üzərinə qərənfillər qoymuşlar.
Tədbirdə dövlət himni səsləndirilmiş, faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Anma mərasimində universitetin rektoru Eldar Qəhrəmanov çıxış edərək ölkəmizdə 20 Yanvar hadisələrinə həsr olunmuş silsilə tədbirlərin keçirildiyini bildirmişdir.
Qanlı 20 Yanvarı xalqımızın şərəfli qəhrəmanlıq günü kimi xarakterizə edən E. Qəhrəmanov o gecənin dəhşətli anlarını yada salmış, insanların göstərdiyi şücaətdən danışmışdır.
Rektor bu cür tədbirlərin gənc nəslin milli mənəvi, vətənpərvərlik ruhunda tərbiyəsi baxımından böyük əhəmiyyət kəsb etdiyini xüsusilə vurğulamışdır.
Tədbirdə çıxış edənlər Azərbaycan xalqının milli oyanış hərəkatının yeni mərhələsi və müstəqilliyin bərpası uğrunda mübarizədə 20 Yanvar hadisələrinin mahiyyətindən və səbəblərindən söhbət açmış, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında müxtəlif sosial şəbəkələrin, saytların fəallığının artırılmasının vacibliyini qeyd etmişlər.
Sonra tələbələrin ifasında 20 Yanvar faciəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya təqdim olunmuş, slaydlar nümayiş etdirilmişdir.