AZƏRBAYCAN VƏ ESTONİYANIN GÖMRÜK ORQANLARI ARASINDA ƏLAQƏLƏR GENİŞLƏNİR
Səfərdən məqsəd Estoniyada Avropa İttifaqının (Aİ) Gömrük Məcəlləsinin tətbiqi təcrübəsini öyrənməkdir. Səfər, həmçinin hazırlanmaqda olan Azərbaycan Respublikasının yeni Gömrük Məcəlləsinin tətbiqinə dair DGK-nın mövcud siyasət və prosedurlarına tələb olunan əlavə və dəyişikliklərlə yanaşı, informasiya texnologiyalarının tətbiq sahələrinin müəyyənləşdirilməsinə töhfə verəcəkdir.
Avropa Komissiyasının və BMT-nin İnkişaf Proqramının (BMTİP) birgə layihəsi olan “Azərbaycan Respublikasında gömrük xidmətinin təkmilləşdirilməsi” layihəsi çərçivəsində həyata keçirilən səfər Azərbaycanın və Estoniyanın gömrük orqanları arasında əməkdaşlığın genişləndirilməsinə dəstək olacaqdır.
Səfər müddətində Estoniya Vergi və Gömrük Departamentinin yüksək vəzifəli şəxsləri, o cümlədən departamentin baş direktoru ilə də görüşlərin keçirilməsi nəzərdə tutulmuşdur.
2006-cı ilin yanvarından icrasına başlanılan layihə ölkəmizdə gömrük qanunvericiliyinin təkmilləşdirilməsini, onun müasir beynəlxalq standartlara, xüsusi olaraq Aİ-nin Gömrük Məcəlləsinə uyğunlaşdırılmasını, habelə gömrük prosedurlarında müasir informasiya texnologiyalarının daha geniş tətbiqini nəzərdə tutur.
Layihə ölkəyə sərmayə axınının çoxalmasına, xarici ticarət əlaqələrinin genişlənməsinə töhfə verəcəkdir.