SİYASƏT
Azərbaycan və KƏŞ arasında əlaqələrin perspektivləri müzakirə olunub
Bakı, 29 aprel, AZƏRTAC
Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Şahin Abdullayev və Körfəz Əməkdaşlıq Şurasının (KƏŞ) Baş katibi Casim Məhəmməd Əl-Budeyvi arasında Ər-Riyadda keçirilən görüş zamanı KƏŞ və ölkəmiz arasında əlaqələrin daha da inkişafı, həmçinin ikinci biznes forumunun keçirilməsi məsələsi müzakirə edilib.
AZƏRTAC xəbər verir ki, görüş zamanı KƏŞ-in Baş katibi Körfəzin ərəb ölkələri ilə Azərbaycan arasında ümumi maraqlara xidmət edən əlaqələrin daha da inkişafının vacibliyini vurğulayıb. O qeyd edib ki, əməkdaşlığın möhkəmlənməsi hər iki tərəfin mənafeyinə uyğundur.
Görüş əsnasında, həmçinin Körfəz Əməkdaşlıq Şurası ölkələri ilə Azərbaycan arasında ikitərəfli əlaqələrə nəzər salınıb, əməkdaşlığın daha da möhkəmləndirilməsi yolları nəzərdən keçirilib. Tərəflər bildiriblər ki, 2013-cü ildə KƏŞ ilə Azərbaycan Respublikası arasında imzalanmış anlaşma Memorandumuna əsasən, əməkdaşlığın müxtəlif sahələrdə inkişaf etdirilməsi prosesi uğurla davam edir. Bu kontekstdə enerji, ticarət, investisiya, ərzaq təhlükəsizliyi, mədəniyyət, turizm, təhsil və xalqlar arasında kommunikasiya daxil olmaqla, əlaqələrin bütün sahələrini aktivləşdirmək və Körfəz-Azərbaycan İqtisadi Forumunun uğurları fonunda onun ikinci dəfə keçirilməsinə nail olmaq lazımdır.
Görüşdə həmçinin ümumi maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.