Azərbaycan və Özbəkistanın dəmir yolları sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib
Bakı, 13 fevral, AZƏRTAC
Fevralın 13-də Azərbaycanda işgüzar səfərdə olan Özbəkistan nəqliyyat nazirinin müavini Abdulsamat Muminovun rəhbərlik etdiyi nümayəndə heyəti “Azərbaycan Dəmir Yolları” QSC-də olub.
QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nümayəndə heyəti ilə görüşən ADY sədri Rövşən Rüstəmov həyata keçirilən yerli və beynəlxalq layihələr haqqında geniş məlumat verib.
Görüşdə iki ölkənin dəmir yolları sahəsində əməkdaşlıq imkanları, Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi, o cümlədən CASCA+ multimodal nəqliyyat marşrutu çərçivəsində yeni əməkdaşlıq təklifləri nəzərdən keçirilib.
Tərəflər 2023-cü ildə birgə fəaliyyət planı, o cümlədən “Özbəkistan-Türkmənistan-Azərbaycan-Gürcüstan” marşrutu üzrə yükdaşımalar, daşımaların növü və müvafiq tarif siyasətini müzakirə ediblər.