Azərbaycan və Qazaxıstan qoruqları arasında əməkdaşlıq memorandumu imzalanıb VİDEO
Ağstafa, 5 fevral, Ruslan Novruzoğlu, AZƏRTAC
Azərbaycanın “Keşikçidağ” və “Avey” Dövlət tarix-mədəniyyət qoruqları ilə Qazaxıstanın “Ejeli Taraz Abidələri” Dövlət tarix-mədəniyyət muzey-qoruğu arasında əməkdaşlıq memorandumu imzalanıb. Sənəd Türk dünyasının tarixi irsinin sistemli öyrənilməsi baxımından strateji əhəmiyyət kəsb edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, memorandumun əsas məqsədi tərəfdaş qurumlar arasında elmi-tədqiqat fəaliyyətini inkişaf etdirmək, birgə arxeoloji qazıntılar və elmi ekspedisiyalar təşkil etməkdir.
Sənəd çərçivəsində maddi-mədəniyyət nümunələrinin birgə öyrənilməsi və mühafizəsi, tematik sərgilərin və beynəlxalq elmi konfransların keçirilməsi, mədəni mübadilə proqramlarının və institusional təcrübə paylaşımının həyata keçirilməsi istiqamətlərində əməkdaşlıq ediləcək. Bu əməkdaşlıq sayəsində “Keşikçidağ”, “Avey” və “Ejeli Taraz” qoruqları regionun qədim sivilizasiya mərkəzlərini və tarixi inteqrasiya proseslərini birgə araşdıracaqlar.
Həmçinin əməkdaşlıq memorandumu regionun qədim sivilizasiya mərkəzlərinin, tarixi-mədəni əlaqələrin formalaşma mərhələlərinin və inteqrasiya proseslərinin araşdırılması istiqamətində birgə elmi nəticələrin əldə edilməsini, ortaq türk irsinin beynəlxalq səviyyədə daha geniş tanıdılmasını hədəfləyir.
Bu təşəbbüslər regionun zəngin arxeoloji potensialının dünya elmi ictimaiyyətinə təqdim olunmasına, eləcə də mədəni diplomatiyanın inkişafına mühüm töhfə verəcək.