İQTİSADİYYAT
Azərbaycan və Türkiyənin dövlət başçılarının Naxçıvan səfərində bir çox vacib məqamlar var - ŞƏRH

Bakı, 25 sentyabr, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Naxçıvan səfərində bir çox vacib məqamlar var. Xüsusən Naxçıvanda alternativ enerji resursları hesabına elektrik enerjisinin ötürülməsi və ixrac olunması üçün sistemin qurulması nəzərdə tutulur. Hesab edirəm ki, bu da son dərəcə əhəmiyyətli məsələdir. Çünki Naxçıvanın bu sahədə potensialı böyükdür. Burada qaz tədarükünün reallaşması, bununla paralel olaraq alternativ enerji resurslarının inkişafı istiqamətində atılan addımlar, düşünürəm ki, çox önəmlidir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında iqtisadçı ekspert Eldəniz Əmirov deyib.
O qeyd edib ki, Naxçıvanın qaz təchizatının Türkiyə vasitəsilə təmin olunmasının əsası hələ 2008-ci ildə qoyulub: “O vaxt Prezident İlham Əliyev tərəfindən belə bir məsələ irəli sürülmüşdü. Lakin müəyyən səbəblərdən yalnız 2020-ci il dekabrın 15-də Ankarada Azərbaycan və Türkiyə arasında İqdır-Naxçıvan qaz boru kəmərinin tikintisinə dair anlaşma memorandumu imzalandı. Diametri 16 düyüm (40 sm) olan boru kəmərinin İqdırdan Sədərək rayonuna qədər uzunluğu 97,5 kilometr təşkil edəcək. Boru kəmərinin Azərbaycan hissəsinin uzunluğu 17,5 kilometr, Türkiyə hissəsinin uzunluğu 80 kilometrdir. Boru kəməri gündə 2 milyon kubmetr, ildə isə 730 milyon kubmetr qaz ötürmək qabiliyyətinə malikdir ki, bununla da Naxçıvanın qaza tələbatı tamamilə ödəniləcək. Gələcəkdə boru kəmərinin ötürücülük qabiliyyətini iki dəfədən çox artırmaq mümkündür”.
Eldəniz Əmirovun sözlərinə görə, bu kəmər Naxçıvanın qazla təchizatında ciddi rol oynayacaq: “Bu zaman Naxçıvan üçün alternativ yaranacaq. Naxçıvanın qazla təchizatı Türkiyə üzərindən təmin olunduqdan sonra, təbii ki, burada iqtisadi baxımdan ciddi dividendlər olacaq. Xüsusilə, qazın Bakı-Tbilisi-Ərzurum və Cənubi Qafqaz Boru kəmərləri vasitəsilə Türkiyəyə və qardaş ölkə üzərindən dövr edərək Naxçıvana verilməsi planlaşdırılır”, - deyə E.Əmirov əlavə edib.
Ekspert hesab edir ki, Zəngəzur dəhlizi açıldıqdan sonra Türkiyədən Azərbaycana deyil, Azərbaycandan Türkiyəyə birbaşa qaz ötürüləcək: “Çünki artıq Zəngəzur dəhlizindən sonra yeni boru kəmərləri tikiləcək, o zaman Azərbaycan birbaşa daha yaxın yolla Naxçıvanı qazla təchiz edəcək. Bundan sonra əlavə olaraq Türkiyəyə bu istiqamətdə qaz verilişi həyata keçiriləcək”.