AZƏRBAYCAN VƏ UKRAYNA XALQLARININ DOSTLUĞU SARSILMAZDIR
Şəmkirdə qonaqlarla keçirilən görüşdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Aslan Aslanov, Zavodskoy rayonu dövlət administrasiyasının başçısı Vladimir Klimenko, ölkəmizin Ukraynadakı səfirliyinin ikinci katibi Arif Quliyev, Nikolayev şəhərindəki “Liman” gəmiqayırma zavodunun kommersiya direktoru Oleq Xalyavkin, şəhər radasının deputatı, “Nikkoj” Qapalı Tipli Səhmdar Cəmiyyətinin direktoru Vyaçeslav Kratsev, Ukrayna Azərbaycanlıları Konqresinin Nikolayev vilayət təşkilatının sədri Aydın Məhərrəmov, Şəmkir bələdiyyəsinin sədri Məzahir Cəfərov, İqtisadi İnkişaf Nazirliyi Şəmkir rayon bölməsinin müdiri Eldəniz Qafarov xüsusi vurğulamışlar ki, rayonlar arasındakı əlaqələrin davamlı, səmərəli olması üçün qarşılıqlı səfərlər, hər iki tərəfin iqtisadi imkanlarına və maraqlarına uyğun müqavilələrin imzalanması həm də ölkələrimiz arasında dostluq və əməkdaşlığın möhkəmlənməsinə töhfə olacaqdır.
Qonaqlar AZƏRTAC-ın müxbirinə demişlər ki, bizim strateji xəttimiz aydındır. Bilirik ki, Azərbaycan Prezidenti İlham Əliyev regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı təsdiq etmişdir. İndi Şəmkir sahibkarlarına respublikanın daxili bazarı kifayət etmir. Keçən il Nikolayev şəhərinə Şəmkirdən bir qrup sahibkar gəlmişdi və müqavilə bağlamışdıq. Bu il isə biz dəvət olunmuşuq. Yerli sahibkarların Azərbaycanın hüdudlarından kənarda da fəaliyyətlərini genişləndirmək imkanı var. Ukrayna Rusiya bazarından heç də geridə qalmır. Biz səfər müddətindən çox səmərəli istifadə etdik. Şəmkir və Yenikənd su elektrik stansiyalarının işi ilə tanış olduq. Müasir Azərbaycan dövlətinin memarı, ölkənin siyasi müstəqilliyi ilə yanaşı, enerji müstəqilliyinin də təminatçısı olan Heydər Əliyevin quruculuq fəaliyyətini əks etdirən muzeyin eksponatlarına baxdıq.
“Azəri Qayalar” Türkiyə-Azərbaycan birgə müəssisəsi, quşçuluq təsərrüfatı, bütün fəsillərdə tərəvəz məhsulları yetişdirən “Yeni əsr” Məhdud Məsuliyyətli Cəmiyyəti qonaqlarda maraq doğurmuşdur. Onlar Azərbaycanda iş adamları üçün dövlət tərəfindən yaradılmış şəraiti yüksək qiymətləndirmişlər.
Ukraynalı qonaqlar Şəmkirdə müvəqqəti məskunlaşmış qaçqın-köçkünlərlə də görüşmüş, onlara sovqatlar təqdim etmişlər.